Post-pandemiya dövründə Belarus-Azərbaycan münasibətləri müzakirə olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Belarusun Strateji Araşdırmalar İnstitutu ilə birlikdə “Postpandemiya dövründə Belarus-Azərbaycan münasibətlərinin inkişafı” adlı vebinar keçirib.

 

Mərkəzin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, açılış nitqi ilə çıxış edən BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Belarus koronavirus böhranına fərqli münasibət sərgiləyən ölkələr sırasındadır. O, pandemiya ilə bağlı proqnozlarının pessimist olmadığını vurğulayıb.

 

Belarus Strateji Araşdırmalar İnstitutunun direktoru Oleq Makarov Belarus və Azərbaycanın məsafəyə baxmayaraq, çox yaxın xalqlar və dövlətlər olduğunu bildirib. O, pandemiya zamanı Belarus karantin elan etmədiyi üçün bəzi təzyiqlərə məruz qaldığını söyləyib. Oleq Makarovun fikrincə, bununla bağlı ölkələrin mövqeyi siyasiləşdirilməməlidir.

 

Milli Məclisin deputatı Rasim Müsabəyov deyib ki, pandemiya turizm, aviasiya kimi sahələrə ciddi təsir edib, istehsal zənciri pozulub və heç kim virusun nə zaman bitəcəyini bilmir.

 

Belarus Təhlükəsizlik Şurası Dövlət Katibliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Sergey Martınenko çıxışı zamanı bildirib ki, peyvənd tapılmayınca koronavirus davam edəcək və insanlar ənənəvi həyat tərzlərini davam etdirməyə çalışırlar.

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqovun sözlərinə görə, strateji tərəfdaşlarla qarşılıqlı fayda verən əməkdaşlıq nəticəsində ölkələrimiz regional və dünya siyasətinin obyekti deyil, subyekti qismində çıxış edə bilərlər.

 

Daha sonra Belarus Strateji Araşdırmalar İnstitutunun analitiki Asya Penteqova, Aİ və ABŞ üzrə bölməsinin rəhbəri İvan Jarkov post-pandemiya dövründə əsas trendlər, koronavirusun iqtisadi təsirləri, Belarus-Azərbaycan münasibətlərinin gələcək perspektivləri, informasiya hücumları və beyin mərkəzlərinin əməkdaşlığı ətrafında çıxış ediblər.

 

Tədbir sual-cavab sessiyası ilə davam edib.

 

Müəllif | Apa.Tv
Apa.tv