Post-pandemiya dövründə turizm və sərnişindaşıma üçün yeni qaydalar hazırlanır

Bütün dünyada olduğu kimi ölkəmizdə də turizm sektoru mərhələli şəkildə bərpa olunacaq və bu proses 4 istiqamətdə həyata keçiriləcək.

 

Bunu APA TV-yə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, birinci mərhələ mövcud vəziyyətin qorunub saxlanılmasından və inkişaf etdirilməsindən ibarətdir. Növbəti mərhələdə daxili turizmin bərpası nəzərdə tutulub. Üçüncü və dördüncü mərhələlərdə isə müvafiq olaraq qonşu dövlətlərlə sərhədlərin açılması və turizmin tam normallaşması prosesi həyata keçiriləcək: “Hazırda dünya turizmi, o cümlədən Azərbaycan turizmi faktiki olaraq sıfırlanıb. Bu günlərdə Azərbaycan turizmi restarta hazırdır. Biz yeni mövsümün açılışını gözləyirik. Yay turizm mövsümünün açılışı Azərbaycanın iri şəhərləri ilə digər regionlar arasındakı inzibati sərhədlər açılandan sonra baş tutacaq”.

 

Qurum rəsmisinin sözlərinə görə, post-pandemiya və post-karantin dövründə Azərbaycan turizminin rəqabət qabiliyyətini artırmaq məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən “SAHMAN” adlı yeni təşəbbüs proqramı irəli sürülüb:  “SAHMAN-ın fəlsəfəsi turistlərin sağlamlığını qoruyaraq Azərbaycan turizminə təkan verməkdən ibarətdir. Könüllü olaraq otelçilər, yerləşdirmə obyektləri, iaşə obyektləri, turistlərə xidmət edən nəqliyyat vasitələri SAHMAN proqramına qoşularaq bir neçə istiqamətdə dəstək ala biləcəklər”.

 

Heç şübhəsiz ki, ölkə turizminin ən əsas istiqamətlərində biri də daxili turizmdir. Bəs bu istiqamətdə turist axını həyata keçirən ölkədaxili marşrut xətlərində vəziyyət necədir? Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi ki, hazırda bu istiqamətdə işlər aparılır: “Turistlərə tövsiyəmiz ondan ibarətdir ki, avtovağzallardan və avtostansiyalardan çıxan avtobuslardan və avtonəqliyyat vasitələrindən istifadə etsinlər. Eyni zamanda Dövlət Turizm Agentliyinin də turistlərin səyahəti və səfərlərinin təşkili üçün müəyyən tədbirləri var. Bu tədbirlərə görə müəyyən leyblları olan avtonəqliyyat vasitələri olacaq ki, həmin nəqliyyat vasitələri ilə turistlərimiz regionlara və paytaxt daxilində daşınacaq. Bu leyblı olan avtobuslar daha təhlükəsiz və pandemiyanın şərtlərinə əməl edən nəqliyyat vasitələri olacaq. Bununla belə avtovağzalların ərazisindən çıxan  bütün avtobuslar gün ərzində 2 dəfə dezinfeksiya ediləcək”.

 

Nuridə Allahyarova avtonəqliyyat vasitələrindən istifadə edən sərnişinləri sosial məsafəyə və izolyasiya tədbirlərinə əməl etməyə çağırdı: “Şəhərlərarası sərnişin daşınması biletlə təmin olunur. Ona görə də, avtobusun salonunun tam olaraq sərnişinlərlə doldurulması qadağandır. Burada da ara məsafəsi gözləniləcək. Artıq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı var ki, tibbi maskalardan və əlcəklərdən istifadə zəruridir. Hətta bununla bağlı inzibati cəzalar da nəzərdə tutula bilər. Bu səbəbdən tərəfimizdən zəruri olan məkanlar müəyyənləşdirilib. Həmin o ictimai nəqliyyatda, xüsusilə də uzaq məsafələri qət edəcək avtobusların daxilində bütün sərnişinlərin və sürücülərin tibbi maska taxması ən əsas zəruri şərtdir”.

 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə iyunun 1-dən şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) tibbi maskalardan istifadə zəruri hesab olunub.

 

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv