Prezident 19 illik icra başçısını işdən çıxardı
Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
APA TV-nin xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Nazim İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. İxtisasca istilik energetik mühəndisi və politoloqdur. 2001-2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı, 2011-2019-cu illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı işləyib. Azərbaycan Prezidentinin 17 may 2019-cu il tarixli Sərəncamı ilə Saatlı rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.