Prezident andiçmə mərasimində hansı iqtisadi mesajları verdi? – APA TV

2024-cü il fevralın 14-də Milli Məclisdə baş tutmuş Prezident İlham Əliyevin inaqurasiyası Azərbaycanın müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş ilk andiçmə mərasimi oldu. Ölkə başçısı çıxışında qarşıya qoyulan hədəflər barədə mesajlar verdi. Belə ismarışlardan biri də Azərbaycanın iqtisadi gücünün daha da artırılması, sosial rifah və uğurlu sosial siyasətin davam etdirilməsi, sosial problemlərin həlli, yoxsulluq və işsizliyin aradan qaldırılması ilə bağlı görülən işlərin davam etdirilməsini əhatə etdi. Ümumiyyətlə, son 20 ildə əsas prioritetlərdən biri sosial təminat tədbirlərinin gücləndirilməsi olub. İqtisadçıların fikrincə, minimum əməkhaqqı 345, minimum pensiya məbləği isə 280 manatadək yüksəlib. Prezidentin də dediyi kimi, növbəti dövrlərdə də sosial tədbirlərin davam etdirilməsi və sosial paketin daha da dərinlişməsi prosesi gözlənilir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov APA TV-yə açıqlamasında bildirib ki, sosial istiqamətində dövlət büdcəsindən artımlar da nəzərdə tutulub və büdcə xərclərinin 45, cari xərclərin 70 faizi sosialyönümlü olacaq. Deputatın sözlərinə görə, əsas hədəflərdən biri də ünvanlılığın təyin olunmasıdır ki, bu sosial qayğıya daha çox ehtiyacı olan ailələrin dövlət büdcəsi tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək. Bununla yanaşı, ölkə iqtisadiyyatında qeyri neft sektorunun payı artır. İqtisadçı ekspert Emin Qəriblinin fikrincə, gələcəkdə dayanıqlı inkişafın təmini üçün yaşıl enerjiyə keçid ölkə iqtisadiyyatının əsas hədəflərindəndir və bu istiqamətdə müqavilələr imzalanmaqdadır. İqtisadçı onu da vurğulayıb ki, ölkə başçısı qlobal iqtisadi layihələrin müəllifidir. Hazırda İlham Əliyevin müəllifi olduğu “orta xətt layihəsi” sayəsində Azərbaycanın bir neçə ölkə ilə iqtisadi əməkdaşlığı, eləcə də nəqliyyat dəhlizləri, alternativ enerji və digər qeyri neft sahələrinin inkişafına səbəb olacaq.

Müəllif | Apa.Tv
Apa.tv