Prezident Balakən, Şəki və Qəbələ rayonlarında səfərdə olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda səfərdə olub.
APA TV xəbər verir ki, dövlətimizin başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Ölkəmizin əsas turizm məkanlarından olan Balakən rayonunda 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 3,1 dəfə, sənaye 18 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 10 dəfə artıb. 2003-cü ildən bəri rayonda 20538 yeni iş yeri açılıb, cari ildə qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 350, pandemiya ilə əlaqədar əlavə 200 ictimai iş yeri yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib.
Dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verildi.
Qeyd olundu ki, Azərbaycan Prezidentinin 2017-ci il 5 avqust tarixli Sərəncamına əsasən tikilən Balakən Uşaq İncəsənət Məktəbi üçmərtəbəli binadan ibarətdir və 320 şagird yerlikdir. Sahəsi 3232 kvadratmetr olan məktəbdə 45 sinif otağından əlavə musiqi alətlərinin saxlanması və xoreoqrafiya zalı, heykəltaraşlıq və rəssamlıq emalatxanaları, səsyazma studiyası, kitabxana yaradılıb. Məktəbin 177 nəfərlik akt zalında tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Uşaq İncəsənət Məktəbində hazırda 288 şagird təhsil alır və 64 müəllim çalışır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış oldu.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə məlumat verdilər ki, bir hektara yaxın ərazidə inşa olunan dördmərtəbəli bu Mərkəz Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.
Dövlətimizin başçısına dezinfeksiya tuneli barədə məlumat verildi.
Qeyd olundu ki, bu tunel istifadəçilərin şəxsi gigiyena qaydalarına riayət etmələri və steril şəkildə hər hansı məkana daxil olmalarını təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların yaddaşda saxlanılması xüsusiyyəti daşıyan tunelin içərisində dezinfeksiyaedici zona yerləşdirilib.
Prezident İlham Əliyev Balakən “ASAN xidmət” mərkəzini işə saldı.
Qeyd edək ki, hazırda ölkədə 19 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz və Ağcabədidədir. Balakəndə açılışı olan “ASAN xidmət” mərkəzi sayca 20-cidir. Mərkəzdə 189 əməkdaş, 50 könüllü çalışacaq. Digər mərkəzlərdə olduğu kimi, burada da vətəndaşlara 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstəriləcək.
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon vətəndaşın 38,3 milyona yaxın müraciəti daxil olub. Keçirilən rəy sorğusuna əsasən vətəndaşların “ASAN xidmət”lərdən məmnunluq əmsalı 99,4 faiz təşkil edir.
Prezident İlham Əliyevə digər innovativ yeniliklər barədə də məlumat verildi. Bildirildi ki, ultrabənövşəyi hava təmizləyiciləri qapalı yerlərdə havanı ultrabənövşəyi şüalar vasitəsilə virus və bakteriyalardan təmizləmək üçün istifadə olunur. Qurğunun aşağı hissəsindən daxil olan hava mexaniki süzgəclərdən keçərək ultrabənövşəyi şüalar kamerasına daxil olur. Bu kamerada havada olan virus və bakteriyaların 99 faizi məhv edilir.
Dövlətimizin başçısına ozon generatorları barədə də məlumat verildi. Qeyd edildi ki, bu qurğudan müxtəlif zərərli mikroorqanizmləri məhv etmək, havanı və suyu dezinfeksiya etmək üçün geniş istifadə olunur. Ənənəvi kimyəvi dezinfeksiyaedici vasitələrlə müqayisədə ozon daha təsirli və ekoloji cəhətdən təmiz alternativdir. Dezinfeksiya qapıları ultrabənövşəyi şüalar sayəsində içərisindən keçən hər kəsin üzərindəki virus və bakteriyaları məhv edir. Dezinfeksiya robotu isə qapalı məkanların qısa vaxtda dezinfeksiya edilərək müxtəlif növ virus və infeksiyaların yayılmasının qarşısını alan xüsusi təchizatdır. Ultrabənövşəyi hava və səth təmizləyiciləri, həmçinin ozon generatorları ictimai binalarda, əhalinin sıx toplaşdığı məkanlarda koronavirusla mübarizə məqsədilə havanın təmizlənməsi üçün səmərəli vasitələrdir.
Diqqətə çatdırıldı ki, “Elektron Hökumətin İnkişafı İndeksi” Birləşmiş Millətlər Təşkilatı tərəfindən iki ildən bir keçirilən sorğu üzrə formalaşan və ölkələrinin e-hökumət hazırlığı ilə bağlı hesabatdır. Azərbaycan reytinqdə 2018-ci ilə nisbətən öz indeksini 71 bala yüksəldərək dünya üzrə orta göstəricini 11 bal üstələyib.
Elektron hərrac sisteminin məqsədi isə hərraclarda iştirakın əlçatanlığının artırılması, hərracda iştirak prosesinin rahatlaşdırılması və vahid hesabatlılıq üçün şərait yaratmaqdır. Sistemdən istifadə proseslərin elektronlaşdırılması və resurslara qənaət imkanı, şəffaflığın təmin edilməsi, elektron ödəniş və SMS məlumatlandırma kimi üstünlükləri əlçatan edir.
Bildirildi ki, daha bir yeni layihə “Elektron Su Təsərrüfatı” informasiya sistemidir. Bu sistem ölkə ərazisində su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması, bu sahədə uçotun və idarəetmənin təkmilləşdirilməsi məqsədilə hazırlanan DATA əsaslı informasiya sistemidir. Sistem su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması, modelləşdirilməsi və su obyektləri ilə bağlı aktual məlumatların toplanması, həmçinin həmin məlumatların “Elektron hökumət” informasiya sistemi üzərindən aidiyyəti digər sistemlərlə inteqrasiyası məqsədilə hazırlanır.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşdü.
İyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, bu şəbəkə tərəfindən 21353 əhali, 1806 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 23159 abonentə xidmət göstərilir. Rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə Katex kəndindəki 110/6 kV-luq "Qafqaz" yarımstansiyasında əsaslı yenidənqurma işləri aparılıb, 35/6 kV-luq "Kortala" yarımstansiyası tikilib, 35 kV-luq "Kortala" hava xətti çəkilib. Rayon ərazisində köhnə tipli 36 komplekt transformator məntəqələri müasirləri ilə əvəz olunub, yeni hava və kabel xətləri çəkilib və 1872 müxtəlif gərginlikli dayaq quraşdırılıb. 6 kəndin açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılıb.
İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib.
Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, uzunluğu 29 kilometr olan üçüncü və dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır.
Dövlətimizin başçısının müvafiq sərəncamları ilə tikilən Balakən-Qazbinə-İtitala avtomobil yolu 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirir. Yol üzərində 123 yol nişanı və göstərici lövhələr quraşdırılıb. 8,7 min kvadratmetr yol cizgi xətləri çəkilib və suvarma kanalı üzərindəki körpü əsaslı təmir olunub.
Prezident İlham Əliyev Balakən rayonunun Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun yenidən qurulması layihəsi barədə görülən işlərlə də tanış oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub.
Dövlətimizin başçısına təsərrüfat barədə məlumat verildi.
Bildirildi ki, 2012-ci ildə Katex və Beretbinə kəndlərində yaradılan “Bal meyvə” bağçılıq təsərrüfatında 9 növ olmaqla 95 min alma və 4 növdə 3 min armud tingləri əkilib. Bundan əlavə, Beretbinə kəndində 15 hektar ərazidə 5 növdə 6500 gavalı və 2 növdə 2 min nektarin tinglərinin əkildiyi bağlara aqrotexniki, aqrokimyəvi xidmətlər göstərilir və bu bağlarda müasir “damcı” suvarma sistemi qurulub.
Məlumat verildi ki, 2020-ci ilin əvvəlində meyvələrin xüsusi şəraitdə saxlanılması üçün tutumu 1300 ton olan soyuducu anbarın tikintisinə başlanıb və sentyabrda onun istifadəyə verilməsi nəzərdə tutulub. Bağın 6 hektar ərazisində balıqçılıq təsərrüfatı üçün göl yaradılıb və burada 3 növ balıq bəslənilir.
Diqqətə çatdırıldı ki, təsərrüfatda daimi olaraq 80 nəfər işçi çalışır, yığım vaxtı isə 200-dən çox rayon sakini mövsümi işlərə cəlb olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Şəkidə səfərdə olub.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Qeyd edək ki, Prezident İlham Əliyevin Şəkiyə çoxsaylı səfərləri rayonun inkişafında əsaslı rol oynayıb. Nəticədə 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 4,8 dəfə, sənaye 9,1 dəfə, kənd təsərrüfatı 2,3 dəfə, əsas kapitala yönəldilmiş vəsait 74,7 dəfə artıb. 2003-cü ildən indiyədək rayonda 24 758 yeni iş yeri açılıb, cari ildə qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 640, pandemiya ilə əlaqədar əlavə 477 ictimai iş yeri yaradılıb.
Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, uzunluğu 33 kilometr olan dördüncü texniki dərəcəli bu yol 2 hərəkət zolaqlıdır. Azərbaycan Prezidentinin ötən il imzaladığı müvafiq Sərəncamla yenidən qurulan Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolu 11 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Avtomobil yolunun 17-ci kilometrliyində Əyriçay çayı üzərində uzunluğu 59 metr, qabariti 7,4 metr olan dəmir-beton körpü təmir edilib.
Prezident İlham Əliyevə Şəki rayonunun ərazisində yerləşən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134 kilometrliyindən ayrılan Şirinbulaq avtomobil yolunun tikinti layihəsi barədə də məlumat verildi. Qeyd olundu ki, 4 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 28,1 kilometrdir.
Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xəstəxanada yaradılan şəraitlə də tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, digər modul tipli infeksion xəstəliklər korpuslarında olduğu kimi burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün lazımi şərait yaradılıb. Bu komplekslərin rayon mərkəzi xəstəxanalarının yaxınlığında quraşdırılması vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməyə imkan verir. Digər tərəfdən, koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunmasına geniş imkanlar açır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda da səfərdə olub.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Qeyd edək ki, ölkəmizin ümumi inkişaf tempinə uyğun olaraq Qəbələ rayonunda da abadlıq, quruculuq və yenidənqurma işləri davamlı xarakter alıb. Rayonun iqtisadiyyatı möhkəmlənir, kənd və qəsəbələr abadlaşır, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Qəbələdə 2003-cü ildən bəri məhsul buraxılışı 6,5 dəfə, sənaye 40,9 dəfə, kənd təsərrüfatı 2 dəfə, əsas kapitala yönəldilmiş vəsait 94,3 dəfə, tikinti-quraşdırma işləri 103,3 dəfə artıb, 21 min 531 yeni iş yeri açılıb. Respublikanın əsas turizm mərkəzlərindən biri olan bu rayonda sosial məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır. Su, qaz, elektrik, yol təsərrüfatlarının yenilənməsi və müasirləşməsi prosesi davam edir.
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq. Kompleks 3 korpus, 100 palata və 200 çarpayı yerindən ibarətdir.
Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, investisiya xərclərindən ayrılmış 13,1 milyon manat vəsait hesabına tikilmiş, uzunluğu 28 kilometr olan yol 13 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir. Yolboyu su ötürücü borular, yol nişanları, göstərici lövhələr, siqnal dirəkləri və 5 avtodayanacaq quraşdırılıb. Dəstəmazçay üzərində yeni körpü tikilib.
Prezident İlham Əliyevə 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası istiqamətində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, yeni körpü 12 aşırımlı olmaqla uzunluğu 310 metr, eni isə 9 metrdir. Bundan əvvəl 11 yaşayış məntəqəsinin əhalisi çayın bir tərəfindən o biri tərəfinə keçmək üçün təqribən 30 kilometr əlavə məsafə qət etməli olurdular. Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması nəticəsində 20 min əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə gediş-gəlişini təmin edəcək.
Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışan və xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə tapşırıqlarını verən Prezident İlham Əliyev dedi:
- Vəndam kəndi bilirsən ki, böyük kənddir, qədim kənddir, qədim yaşayış yeridir. Qəbələ şəhərindən sonra ikinci böyük yaşayış məntəqəsidir. Kəndin həm Qəbələ rayonunda, həm ölkə ərazisində xüsusi yeri vardır. Kəndin ziyalıları, ağsaqqalları bizim fəxrimizdir.
Vəndam kəndinin yetirməsi olan general Polad Həşimov namərd, mənfur ermənilər, Ermənistan tərəfindən təşkil edilmiş təxribat nəticəsində Vətən uğrunda döyüşlərdə həlak olmuşdur. Polad Həşimov mənim tərəfimdən iki dəfə dövlət ordenləri ilə təltif edilmişdir. Mənim Sərəncamımla ona general ali hərbi rütbəsi verilmişdir.
Mən sənə tapışırıq verirəm ki, Qəbələ şəhərinin küçələrinin birinə general Polad Həşimovun adı verilsin. Mən mərhum generalın anası ilə danışmışam, ona başsağlığı vermişəm. Onun Vəndam kəndində, Qəbələ rayonunda yaşayan qohumlarına xüsusi diqqət göstərilməlidir. Bilirəm ki, diqqət göstərirsiniz. Daim diqqət mərkəzində olmalıdır. Onun yaxınları, övladları dövlət tərəfindən qayğı ilə əhatə olunur. Müdafiə nazirinə və digər aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verilmişdir. General uzun müddət Sumqayıtda yaşamışdır və buna görə Sumqayıtın icra başçısına da göstəriş verilib. Siz də burada general Həşimovun adının əbədiləşdirilməsi ilə əlaqədar müvafiq addımlar atmalısınız.