Prezident İlham Əliyev Ağstafa rayonuna səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gəlib.

APA TV xəbər verir ki, dövlət başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Daha sonra Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti ilə tanış olub. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

Ağstafa rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu.

Prezident İlham Əliyev Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

Martın 4-də 110/35/10 kilovoltluq “Ağstafa” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiya haqqında məlumat verdi. Prezident İlham Əliyev yarımstansiyanı işə saldı. Sonda xatirə şəkli çəkdirildi.

Prezident Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında da iştirak edib. Kompleksin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi. Prezident İlham Əliyev komplekslə tanış oldu. Sonra dövlət başçısı müəssisənin kollektivi ilə görüşdü.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Ağstafada yerləşən “N” saylı hərbi hissəsinin açılışında da iştirak edib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu.

 

Müəllif | Apa.Tv
Apa.tv