Prezident İlham Əliyev Bakıda Rəcəb Tayyib Ərdoğanla görüşdü
Fevralın 25-də Azərbaycana səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
APA TV xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü oldu.
Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimizin həyata keçirdikləri birgə qlobal layihələrin əhəmiyyəti vurğulandı.
Türkiyə Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.
Görüşdə ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.