Prezident İlham Əliyev: “Gəl bizimlə təkbətək vuruş, baxaq görək bunun axırı nə olacaq”

İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.

 

APA TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısına və birinci xanıma məlumat verdi ki, dövlət tərəfindən bu binada şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil verilib. Bu mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulub.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular.

 

Mənzillərin hamısı ikiotaqlıdır. Bu mənzillər də daxil olmaqla indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub.

 

Diqqətə çatdırılıb ki, 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunub. Bu dəfə təqdim edilən 50 avtomobil də daxil olmaqla 2020-ci ildə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Onu da deyək ki, təqdim olunan avtomobillər yerli istehsal olan “Khazar LX” avtomobilləridir.

 

Bu dəfə verilən 50 avtomobil də daxil olmaqla indiyədək müharibə əlillərinə 6900 avtomobil təqdim olunub.

 

Dövlət başçısına və birinci xanıma sosial təminat və birdəfəlik ödəmə, 2020-ci ildə məşğulluq tədbirləri, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti, sosial xidmətlər və reabilitasiya, şəhid ailələrinə və müharibə əlillərinə qayğı, DOST mərkəzlərinin fəaliyyəti, elektronlaşma və innovativ həllər, pandemiya ilə əlaqədar olaraq məşğulluğa və sosial rifaha dəstək tədbirləri barədə məlumat verildi. Ümumilikdə, Azərbaycanda xüsusi kateqoriyadan olan şəxslər üçün güzəşt və imtiyazların ildən-ilə daha da çoxalması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Şəhid ailələrinə və müharibə əlillərinə müavinət və təqaüdlər 2019-cu ilin aprelində təxminən 100 faiz artıb.

 

Bu ilin ilk 6 ayında müharibə əlillərinə 1435 reabilitasiya vasitəsi verilib. Hazırda bir çox şəhər və rayonda bərpa və uşaq bərpa mərkəzlərinin inşası və təmiri davam edir. İlin birinci yarısında 1, 2 və 3 saylı DOST mərkəzlərinə 61057 vətəndaş müraciət edib. Vətəndaş məmnunluğu isə 96 faizdir. Tezliklə Binəqədi, Abşeron, Sumqayıt, Quba və Bərdədə DOST mərkəzlərinin açılması nəzərdə tutulur.

 

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdülər.

 

Dövlətimizin başçısı görüşdə çıxış etdi:

 

- Əziz dostlar, bu gün sizin həyatınızda çox əlamətdar bir gündür. Siz dövlət tərəfindən mənzillərlə təmin edilirsiniz. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

 

Mən indi sizin yeni yaşayış yerinizlə tanış olmuşam. Çox gözəl təəssürat bağışlayır, müasir standartlara cavab verən ev tikilibdir, mənzillər də çox genişdir və tam təmirlidir. Yəni, sadəcə olaraq, mebeli gətirib yaşamaq mümkün olacaqdır. Bu, dövlətin sizə növbəti diqqətinin təzahürüdür.

 

Bilirsiniz ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, sizin üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, biz bu il bu sahədə ən böyük göstəriciyə nail ola bilmişik.

 

Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq. Sirr deyil ki, bu məqsədlər üçün böyük vəsait nəzərdə tutulur və bildiyiniz kimi, dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir. Bu sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur.

 

Məcburi köçkünlərin məişət problemlərinin həllinə gəldikdə, bu il bu sahədə də rekord göstərici gözlənilir. Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Bu, bir daha onu göstərir ki, biz bu məqsədlər üçün istənilən xərclərə gedirik, bunu təmin edirik və şadam ki, mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub. Bildiyiniz kimi, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Eyni zamanda, şəhid ailələri, müharibə əlilləri üçün evlərin tikilməsinin, əlbəttə ki, böyük hissəsini dövlət öz üzərinə götürübdür. Ancaq özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib. Bu, həm ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir və eyni zamanda, ölkəmizin gücünü göstərir. Çünki siyasət düz, niyyət xoş ola bilər, amma əgər bunu icra etmək üçün imkan yoxdursa, onda niyyət elə niyyət kimi qalacaq.

Müəllif | Apa.Tv
Apa.tv