Prezident İlham Əliyev koronavirusdan və maska qıtlığından danışdı – İLK DƏFƏ

“Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın”.

 

APA TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edərkən səsləndirib.

 

Dövlət başçısı bildirib ki, İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir: “Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın”.

 

Eyni zamanda, məktəblərin, ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlər verildiyini deyən ölkə başçısı bunun da məqsədinin uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaq olduğunu qeyd edib: “Yəni bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq deyə bilərəm ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb”.

 

Dövlət başçısı koronavirusla bağlı ölkədə yaranan maska qıtlığından da xəbərdar olduğunu bildirib. Buna heç cür izahat tapmaq mümkün olmadığını bildirən Prezident qıtlığı bilərəkdən yaradan şəxslərin cəzalandırılacağını qeyd edib: “Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq-mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”.

 

Prezident İlham Əliyev bir daha ictimaiyyəti əmin edib ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür.  Karantində qalan vətəndaşların mütləq əksəriyyətində isə hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmadığını vurğulayıb.  

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv