Prezident İlham Əliyev MDB-nin Müdafiə nazirlərini qəbul edib

Prezident İlham Əliyev MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib.

 

APA TV-nin məlumatına görə, Müdafiə Nazirləri Şurasının növbəti iclasının Bakıda keçirilməsini yüksək qiymətləndirən dövlət başçısı ölkəmizin əlaqələrin birlik çərçivəsində möhkəmlənməsinə verdiyi töhfələrdən danışıb. Dövlət başçılarının Aşqabad Zirvə Görüşü çərçivəsində müzakirə edilən mövzulardan birinin Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə hazırlıq məsələsi olduğunu deyən Prezident,  müstəqilliyin ilk illərində Xalq Cəbhəsinin xalqa zidd olan iqtidarı tərəfindən təqvimdəki bu qırmızı günü silməklə onu xalqımızın yaddaşından da silməyə cəhd göstərdiyini, veteranlara hörmətsizlik etdiyini deyib. Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra bu bayramın bərpa edildiyini, indi də 9 May gününün  dövlət bayramı kimi qeyd edildiyini və veteranlara böyük qayğı göstərildiyini bildirib.

 

Bakı neftinin qələbədəki əvəzsiz payından danışan Azərbaycan Prezidenti faşist Almaniyasının o vaxt bu səbəbdən gözünü Azərbaycan paytaxtına dikdiyini xatırladıb.  Azərbaycanın 600 mindən çox oğul v əqızının Böyük Vətən müharibəsində canından keçdiyi, onlardan 170 nəfərinin Sovet İttifaqı Qəhrəmanı adını qazandığını qeyd edib.   

 

MDB məkanında - Ermənistanda isə faşist cəllad Ter-Arutyunyanın qəhrəman səviyyəsinə qaldırıldığını, meydanlara, küçələrə onun adının verildiyini, Yerevanda təqribən 6 metr hündürlüyündə heykəlinin ucaldığını vurğulayan ölkə rəhbəri Ermənistanın rəhbərliyində olanların da faşist ideologiyasına xidmət etdiyini deyib.

Prezident İlham Əliyev MDB Müdafiə Nazirlərinin toplantısına uğurlar diləyib.

 

Sergey Şoyqu onlara ayırdığı vaxta görə, təşəkkür edib. O, qələbənin 75 illiyi münasibəti ilə hamını Moskvada keçiriləcək bayram tədbirinə dəvət etdiklərini deyib.

Müəllif | Apa.Tv
Apa.tv