Prezident İlham Əliyev Mixail Qusmana “Şərəf” ordenini təqdim edib
Prezident İlham Əliyev Rusiya Federasiyasının TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana “Şərəf” ordenini təqdim edib.
APA TV xəbər verir ki, Mixail Qusmanı salamlayan Prezident İlham Əliyev onu 70 illik yubileyi münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Yubilyarın ad günlərini, xüsusilə yubileylərini həmişə vətəni Azərbaycanda qeyd etməsini yüksək qiymətləndirən dövlət başçısı deyib ki, bu, artıq xoş ənənədir və Mixail Qusmanın öz Vətəninə, doğma torpağına, doğma şəhərinə bağlılığını göstərir.
Mixail Qusmanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da xidmətləri olduğunu və Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfə verdiyini qeyd edən Prezident İlham Əliyev buna görə ona təşəkkürünü bildirib.
Daha sonra Azərbaycan Prezidenti “Şərəf” ordenini Mixail Qusmana təqdim edib.
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.