Prezident İlham Əliyev Qazax rayonuna səfərə gəlib

Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax rayonunda səfərdə olub.

APA Tv  xəbər verir ki, dövlətimizin başçısı Qazax şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Prezident İlham Əliyev Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxda əhəng zavodunun açılışında iştirak edib. “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Dövlətimizin başçısı “Azerlime” əhəng zavodunu işə saldı.

Daha sonra Prezident İlham Əliyev Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanış olub. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi. Qeyd edək ki, qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı Qazax rayonunda icra olunan layihə də öz əhəmiyyəti ilə fərqlənir.

Müəllif | Apa.Tv
Apa.tv