Prezident İlham Əliyev şəhid zabitlərin ailə üzvlərinə başsağlığı verib
İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, ikinci Fəxri Xiyabanda baş tutan vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant Yaşar Əliyev, Prezident Administrasiyasının Silahlı Qüvvələrlə iş sektorunun müdiri general-leytenant Elşad Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, mərhumların xidmət yoldaşları şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Mərasimdə çıxış edən polkovnik Abdulla Qurbani general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin həyat və döyüş yolları barədə məlumat verib.
Hərbi Orkestrin ifa etdiyi Dövlət Himninin sədaları ilə şəhidlərimiz əsgəri ənənələrə uyğun olaraq yayılım atəşləri altında son mənzilə yola salınıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə danışıb, dərin hüznlə başsağlığı verib. Prezident İlham Əliyev qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.
Səmayə Həşimova və Elvin Mirzəyev Prezident İlham Əliyevə telefon zənginə və başsağlığına görə minnətdarlıqlarını bildiriblər.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin ailə üzvlərini və bütün mərasim iştirakçılarına şəhidlərimizin qanının yerdə qalmadığını və bundan sonra da qalmayacağını bildirib.
Müdafiə naziri şəhidlərimizin tabutu üzərindəki üçrəngli Azərbaycan Bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim edib.
General-mayor Polad Həşimovun qardaşı İlham Həşimov və polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə vida mərasiminin yüksək səviyyədə təşkil olunduğuna görə dərin minnətdarlıqlarını bildiriblər.
Elvin Mirzəyev atasının yolunu davam etdirərək zabit kimi Azərbaycan Ordusu sıralarına qatılacağına, atasının və bütün şəhidlərimizin qisasını alacağına söz verib.