Prezident İlham Əliyev Şəki və Qəbələdə səfərdə olub
Azərbaycan Prezidenti İlham Əliyev Şəkiyə səfər edib.
APA TV xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Prezidenti İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışda iştirak edib.
Ölkə başçısına məlumat verildi ki, uzunluğu 33 kilometr olan bu yol 2 hərəkət zolaqlıdır və 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.
Bundan əlavə, Prezident İlham Əliyevə 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi barədə də məlumat verildi.
İyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana da istifadəyə verilib.
Prezidenti İlham Əliyev xəstəxanada yaradılan şəraitlə də tanış oldu. Məlumat verildi ki, bu xəstəxana 100 palatadan və 200 çarpayı yerindən ibarətdir.
Prezident İlham Əliyev xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşdü.
Dövlət başçısı modul tipli xəstəxanaların istifadəyə verilməsinin koronavirusla mübarizədə əhəmiyyətindən danışdı, görülən işlər nəticəsində ilk günlərdən ölkəmizdə xəstəliyin nəzarət altında saxlandığını vurğuladı.
Prezident İlham Əliyev Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirləri də qeyd etdi.
Həkim Nəzakət Kərimova yaradılan şəraitə görə ölkə başçısına minnətdarlığını bildirdi.
Dövlət başçısı Qəbələ rayonunda da səfərdə olub.
Ölkə başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.
Prezident səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq.
Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Məlumat verilib ki, uzunluğu 28 kilometr olan yol 13 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.
Prezident İlham Əliyevə 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun ikinci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən iki kilometrlik avtomobil yolunun bərpası istiqamətində aparılan işlər barədə də məlumat verildi.
Bildirildi ki, yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə gediş-gəlişini təmin edəcək.
Dövlət başçısı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışdı və onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verdi.