Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib - APA TV
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
Təbrik məktubunda deyilir: "Hörmətli həmvətənlər! Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər. Əziz həmvətənlər! Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!"