Prezident İlham Əliyev dünyanın ən mötəbər silah sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri ilə tanış olub. APA TV xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı Bakı Ekspo Mərkəzinin daxili pavilyonlarındakı stendlərlə tanış oldu. Müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev və Türkiyənin Baş qərargah rəisi Yaşar Güler dövlətimizin başçısına sərgi haqqında məlumat verdilər. Bildirildi ki, builki sərgidə dünyanın 30-a yaxın ölkəsindən 200-dən artıq şirkət iştirak edir. Müasir silah və texnikanın nümayiş etdirildiyi bu genişmiqyaslı tədbir pandemiyanın yaratdığı məcburi fasilədən sonra yenidən keçirilir. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, o, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə təşkil olunur. Sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş olunur. Qeyd edildi ki, “ADEX” müdafiə sərgisinin iştirakçıları arasında Türkiyə, Rusiya, İran, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri var. İlk dəfə İordaniyadan olan şirkətlər də sərgiyə qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini böyüdüblər. Prezident İlham Əliyev Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxdı. Milli Təhlükəsizlik Qüvvələrinin ehtiyaclarını ödəmək üçün müdafiə təyinatlı məmulatların, döyüş sursatlarının, zirehli hərbi texnikanın və digər vasitələrin yaradılması, istehsalı, təkmilləşdirilməsi, təmiri, utilizasiyası, idxalı/ixracına və xarici bazarlarda satışına cavabdeh olan nazirliyin pavilyonlarında son illərdə ölkəmizdə istehsal olunan yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılıb. Döyüş kəşfiyyat texnikası, çoxməqsədli, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatları, müxtəlif çaplı atıcı silahlar, mühəndislik texnikaları və digər hərbi texnikalar sərginin maraq doğuran eksponatları sırasındadır. Türkiyə Respublikası sərgidə ən çox şirkətlərlə təmsil olunan ölkələrdən biridir. Müdafiə sənayesində ən müasir və qabaqcıl texnologiyalardan geniş istifadə edən qardaş Türkiyə sərgidə 42 şirkət ilə təmsil olunub. Bu şirkətlərdən biri olan “HAVELSAN” 1982-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Gücləndirilməsi Fondunun tərkibində yaradılıb. Şirkət təkcə müdafiə, təhlükəsizlik və İT sahələrində texnologiyaları inkişaf etdirməklə kifayətlənmir, həm də özünün yüksək texnologiyalı proqram həllərini hazırlayır və simulyatorlar istehsal edir. “HAVELSAN”, həmçinin yeni nəsil texnologiyalar, xüsusilə də süni intellektlə əlaqəli məhsullar, layihələr və sistemlər hazırlayır. Prezident İlham Əliyev şirkətin məhsulları ilə tanış oldu. Türkiyəni təmsil edən “Roketsan” şirkəti 1988-ci ildə qurulub. Şirkət müxtəlif növ raketlər, reaktiv silahlar, atış və hərəkət sistemləri ilə birlikdə idarə olunan döyüş sursatları, istiqamətləndirmə-idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr, alqoritm və proqram təminatını hazırlayır və istehsal edir, onları quru, hava və dəniz platformaları ilə birləşdirir. Eyni zamanda, bu sistemlərə maddi-texniki dəstək verir, raket yanacağı istehsal edir, ballistik mühafizə layihələri hazırlayır və həyata keçirir, eləcə də öz müəssisələrində kosmik raketləri işləyib hazırlayır.