Prezident İlham Əliyev Ərdoğanı təbrik etdi – APA TV
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Dövlət başçısı Ərdoğanı Ədalət və İnkişaf Partiyasına sədr vəzifəsinə yenidən seçilməsi münasibəti ilə təbrik edib, partiyanın işinə bundan sonra da müvəffəqiyyətlər, qardaş Türkiyə dövlətinə və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.
“Bu, milli iradənin ifadəsi, Ədalət və İnkişaf Partiyasının üzvlərinin Sizə olan sonsuz inam, etimad və dəstəyinin aşkar təzahürüdür” deyən Prezidenti İlham Əliyev, bildirib ki, bu qardaş Türkiyənin inkişafı və yüksəlişi naminə göstərdiyi xidmətlərə verilən ali qiymətdir. Dövlət başçısı vurğulayıb ki, hazırda Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi nümunəvi xarakter daşıyır və özünün ən yüksək zirvəsindədir. Qarşılıqlı etimad, dəstək və həmrəylik kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələr, eyni zamanda, regional əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir.
Prezident İlham Əliyev qardaş xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan ilə Türkiyə arasında münasibətlərin birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini qeyd edib.