Prezident “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak edib
Bakı Nəqliyyat Agentliyinin (BNA) “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.
APA TV-nin məlumatına görə, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva açılışda iştirak edib.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində nəhəng layihələr icra edilir. Bütün bunlar vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına, insanların rahatlığının, təhlükəsizliyinin təmin olunmasına yönəlib. Hazırda ölkədə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı görülən işlər məhz bu amildən qaynaqlanır.
Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən, son illərdə nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə bir sıra layihələr icra olunub. Bu layihələrdən biri də ictimai nəqliyyat sistemində yenilik olan Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılmasıdır. Bu konsepsiyadan əsas məqsəd sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi, şəhərdə nəqliyyatın mobilliyinə nail olunması, Bakının mərkəzi hissəsində nəqliyyat sıxlığının aradan qaldırılmasıdır. Bu layihənin icrası vətəndaşların rahatlığı ilə yanaşı, sərnişindaşımada təhlükəsizlik baxımından da mühüm rola malikdir.
BNA-nin İdarə Heyətinin sədri Vüsal Kərimli “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yaradılan şərait barədə dövlət başçısına və Birinci xanıma məlumat verib.
Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığındakı bu Nəqliyyat Mübadilə Mərkəzi ilk olaraq 2016-cı ildə təşkil edilib. Pilot layihə olaraq mərkəz əvvəlcə yüngül konstruksiyalardan hazırlanıb. Lakin sonradan əhalidən gələn müraciətlərlə əlaqədar “Koroğlu” Mübadilə Mərkəzi 2019-cu ildə əsaslı şəkildə yenidən qurulub və burada müasir nəqliyyat infrastrukturu yaradılıb.
Dövlət başçısının tapşırığına əsasən, Agentlik tərəfindən Bakı şəhərinin əsas giriş-çıxış ərazilərində 5 böyük Mübadilə Mərkəzi təşkil edilib, şəhər və qəsəbələrdə isə bu tip 6 kiçik mərkəzin yaradılması planlaşdırılır. Bütün mərkəzlərdə buradakı kimi ən yüksək şərait yaradılacaq: “Əlbəttə, biz bu sahəyə böyük diqqət göstəririk. Çünki vətəndaşların rahatlığı hər şeydən üstündür. Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür. Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır”.
Prezidentə məlumat verilib ki, paytaxtın yollarında yeni səkilər salınıb, görmə əngəlli vətəndaşlar üçün şərait yaradılıb. Hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur. Yolun 100 metrlik hissəsi artıq hazırdır. İndi velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır. Bu yolun salınmasında əsasən yerli materiallardan istifadə edilir. Bakı şəhərində ümumilikdə 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, şəhərdə parklama ilə əlaqədar ilkin mərhələdə 600-dək yer müəyyənləşdirilib. İndi bu istiqamətdə infrastruktur işləri görülür.
Sonra dövlət başçısı və Birinci xanım platformalarda və gözləmə zallarında yaradılan şəraitlə maraqlanıb.
Burada 4 platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda müasir informasiya texnologiyaları avadanlığı, havalandırma sistemi ilə təchiz edilmiş 10 gözləmə zalı var. Gözləmə zalları Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix, idman sahələrində əldə etdiyi uğurları, zəngin dəyərləri əks etdirən yazılı və qrafik məlumatlar əsasında tərtib edilib. Hər bir zalda maarifləndirici məlumatlarla yanaşı, kitab rəfləri də quraşdırılıb. Gözləmə zalları ilə yanaşı, mərkəzdə 5 köşk, 1 idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı inşa edilib. Zallar içməli su ilə təmin olunub.