Prezident: Laçın cənnət məkan olacaq

“Onu da bildirməliyəm ki, Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin olunan Məsim Məmmədovu qəbul edərkən deyib.

“Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Yəni, bu, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, – nəzərə alsaq ki, Laçının çox füsunkar təbiəti – meşələri, dağları, çayları var, – bu, bir cənnət məkan olacaqdır. Bax, biz bu işləri görürük və bu, görülən işlərin, sadəcə, bir hissəsidir. Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik”, – Prezident İlham Əliyev vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv