Prezident: “Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq”

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunda səfərdə olub.

APA TV xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer təsərrüfatında olub, əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov dedi: Cənab Prezident, Sizin xeyir-duanızla artıq bu gündən taxıl biçininə başlanılır. Ölkə üzrə bir milyon hektar taxıl sahəsində biçin aparılacaq, onun 370 min hektara yaxını arpa sahəsidir.

Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı müəssisəsi istifadəyə verilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müəssisənin açılışında iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması və ümumilikdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox mühüm layihələr icra olunur. Bu baxımdan, həyata keçirilən işlər arasında Aqrar Sənaye komplekslərinin yaradılması müstəsna əhəmiyyət kəsb edir. Aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yeni metod və üsulların tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması özündə mühüm amilləri və hədəfləri birləşdirir.

Son illərdə ölkədə toxumçuluğun inkişaf etdirilməsi məqsədilə beş rayonda, o cümlədən Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı müəssisəsi qurulub. Müəssisə 1 hektar ərazidə salınıb və burada inzibati bina, taxıltəmizləmə bloku, taxıl üçün bunker və digər qurğular yaradılıb. Qalan ərazidə isə abadlıq və yaşıllaşdırma işləri görülüb.

Dövlətimizin başçısına məlumat verildi ki, müəssisənin emal gücü saatda 5 tondur. Quraşdırılan qurğular vasitəsilə emal olunan toxum materialını 98 faiz təmizləmək mümkündür. Bu toxumların əkin sərfiyyatı digər qurğularda təmizlənənlərdən 20-30 faiz azdır. Bu da əkinə sərf edilən toxumun həcminin azalmasına imkan verir, həm də fermerin məhsul istehsalında çəkdiyi xərcləri də əsaslı şəkildə azaldır. Müəssisədə quraşdırılmış 3 min tonluq silo qurğularının əsas funksiyası təqdim olunan toxum materialını qəbul edərək emal xəttinə davamlı ötürülməsi və həmin qurğularda saxlanılan toxumun digər ərazilərə daşınması üçün avtomobillərə asanlıqla yüklənilməsini təmin etməkdir. Mövsüm başa çatdıqdan sonra dövlət ehtiyacı üçün tədarük olunmuş toxumun ehtiyatı bu qurğularda təhlükəsiz saxlanılacaq. Müəssisədə 25 nəfər işlə təmin olunacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat verdilər.

Bildirildi ki, Ağcabədi “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin aprel ayında başlanılıb və bu ilin iyununda işlər başa çatdırılıb. Kompleksin ümumi sahəsi 7290 kvadratmetrdir.

Prezident İlham Əliyev “ASAN Həyat” kompleksini işə saldı.

“ASAN Həyat” kompleksinə “ASAN xidmət”, “ASAN kommunal” mərkəzləri, “ASAN vəkillik” bürosu, Uşaq Psixoloji Sosial İnkişaf Mərkəzi və vətəndaşların istirahəti və əylənməsi üçün bir sıra sahələr daxildir. Ağcabədi regional “ASAN xidmət” mərkəzi Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Zərdab rayonlarında qeydiyyatda olan 815 mindən çox vətəndaşa xidmət göstərəcək. Mərkəzdə 207 əməkdaş və 45 könüllü çalışacaq.

Ağcabədi “ASAN Həyat” kompleksinin tərkibində sayca 5-ci “ABAD Food Hall” fəaliyyətə başlayıb. Digər “ABAD Food Hall”arda olduğu kimi, burada da ABAD-çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların sərgi-satışı təşkil edilib. “ABAD” publik hüquqi şəxsin 2020-ci il ərzində ABAD-çı ailələrinin sayı 16 nəfər artaraq 429-a çatıb və onlara 30-a yaxın xidmət göstərilir.

Daha sonra Prezident İlham Əliyevə innovativ yeniliklər barədə məlumat verildi. Qeyd olundu ki, “ASAN İnnoland” pandemiya ilə əlaqədar bir sıra yeniliklərə imza atıb, onlardan biri də istehsalçısı milli startaplar olan süni nəfəs aparatıdır.

İyunun 3-də Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Cəbhəyanı ərazidə yerləşən Ağcabədi şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2017-ci ildə “Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanıb. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində icra olunan layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Prezident İlham Əliyev Ağcabədi şəhərinə içməli suyun verilməsini təmin edən qurğunu işə saldı.

Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, Ağcabədi şəhərini içməli su ilə təmin etmək üçün mənbə olaraq yeraltı sular seçilib və bu məqsədlə 14 subartezian quyusu qazılıb. Su mənbəyindən şəhərə 15 kilometr uzunluğunda magistral su xətti çəkilib. Şəhərin dayanıqlı su təchizatı məqsədilə hər birinin tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib. Layihə çərçivəsində Ağcabədi şəhərində 350 kilometr içməli su xəti çəkilib, 8500 ünvana ev birləşməsi verilərək su sayğacları quraşdırılıb. Suyun optimal idarə olunması üçün 618 siyirtmə, yanğın təhlükəsizliyi məqsədilə 905 yanğın hidrantı quraşdırılıb. Hazırda şəhər əhalisi yeni çəkilmiş şəbəkə vasitəsilə 24 saat keyfiyyətli içməli su ilə təmin olunur.

Ağcabədi şəhərində tullantı sularının idarə edilməsi məqsədilə 305 kilometr tullantı su şəbəkəsi, 4 kanalizasiya-nasos stansiyası, 9 kilometr kanalizasiya kollektoru inşa edilib. Yeni yaradılmış tullantı su şəbəkəsindən ünvanlara birləşmələr verilib. Şəhərdə yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğunun tikintisi üzrə son tamamlama işləri aparılır. İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Ağcabədi Sukanal Sahəsi üçün müasir tipli inzibati bina tikilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 110/35/10 kilovoltluq “Ağcabədi-2” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə Ağcabədi rayonu ərazisində 35 kilovoltluq yarımstansiyada əsaslı yenidənqurma işləri aparılaraq, gərginlik sinfi artırılıb və 110/35/10 kilovoltluq “Ağcabədi-2” yarımstansiyası inşa edilməklə, yarımstansiyanın qoyuluş gücü 17,5 MVA-dan 40 MVA-ya çatdırılıb. Bu yarımstansiya vasitəsilə Ağcabədi şəhərində sosial-iqtisadi təyinatlı obyektlərin, meliorasiya və suvarma sistemlərinin, ətraf kənd və qəsəbələrin, həmçinin Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərin və hərbi hissələrin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq. Yarımstansiyanın istismara verilməsi ilə 5262-si əhali, 831-i qeyri-əhali olmaqla, ümumilikdə 6093 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaq. Yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Yarımstansiyanın 330 kilovoltluq “İmişli” və “Ağcabədi” qovşaq yarımstansiyaları ilə əlaqələndirilməklə dairəvi elektrik təchizat sxeminə qoşulması təmin edilib ki, bu da istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını və təhlükəsizliyi artırıb.

Dövlətimizin başçısı “Ağcabədi-2” elektrik yarımstansiyasını işə saldı.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə elektroenergetika sahəsində mühüm işlər görülüb, çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Ağcabədi rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması prioritet məsələlərdən olub.

Son illərdə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndləri və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin artan elektrik tələbatının qarşılanması üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Bununla mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.

Müəllif | Apa.Tv
Apa.tv