Prezident niyə Qarabağdan sonra İsmayıllı və Şamaxıya getdi?

Hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prioritet təşkil etsə də, digər bölgələrdə də dinamik inkişaf davam edir. Prezident İlham Əliyev bütün regionların inkişafı ilə bağlı məsələləri daima nəzarətdə saxlayır. Dövlət başçısı təkcə işğaldan azad olunmuş ərazilərə deyil, digər bölgələrə də ardıcıl səfərlər edərək bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işlərinin aparılmasına nəzarət edərək, tapşırıqlarını verir.

 

Dövlət başçısının İsmayıllı və Şamaxı rayonlarına səfəri, hər il on minlərlə xarici turisti qəbul edən tarixi Lahıc qəsəbəsində olması, orada görülən işlərlə tanışlığı, qədim məscidin bərpadan sonra ziyarət edilməsi, sakinlərlə səmimi söhbəti də bunun bariz nümunəsidir.

 

Qeyd edək ki, Lahıcda yerləşən və 1791-ci ildə inşa edilən Bədöyün məscidinin təmir-bərpası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.

 

Deputat Ramil Həsən deyir ki, Prezident İlham Əliyevin göstərişi ilə İsmayıllı rayonunda Basqal-Sulut avtomobil yolunun, Uşaq və Ailələrə Dəstək Mərkəzinin tikintisi, orta məktəbin yeni binasının istifadəyə verilməsi dövlətin nəzərdə tutulan bütün işlərə olan münasibətinin göstəricisidir: “Prezident İlham Əliyevin abadlıq, quruculuq işlərinin həm Qarabağda, həm də bölgələrimizdə davam etdirilməsi, görülən işlərlə bağlı yerində tanış olması, lazımlı tapşırıqların verilməsi, səfər zamanı bölgənin tanınmış, üzdə olan insanlarla, ağsaqqallarla görüşməsi bütün Azərbaycanın bərabər olduğunun, Azərbaycanın hər bir torpağının qiymətli olduğunun dünyaya və xalqımıza bir daha təqdimatını həyata keçirən amil kimi qəbul etməyimiz lazımdır. Prezident İlham Əliyevin və Mehriban xanımın eyni zamanda Qarabağa, Şərqi Zəngəzura, daha sonra Şamaxıya, İsmayıllıya səfəri də bölgələrimizin inkişafı və dirçəldilməsi üçün Azərbaycan dövlətinin xüsusi planı olduğunu və planın da bariz nümunələrlə, açılışlarla ictimaiyyətə təqdim olunduğunu biz görə bilirik. Və inanıram bu uğurlu proseslər davam edəcək”.

 

Deputatın sözlərinə görə, Azərbaycan xalqı Prezidentin gördüyü işlərlə, keçirilən islahatlarla bağlı onun yanındadır və ölkə başçısının keçirdiyi islahatlara güvənir: “Cənab Prezident həm müharibə dövründə, həm də müharibədən sonra, mükəmməl Ali Baş Komandan, güclü dövlət xadimi, eyni zamanda inanılmaz bilik və qabiliyyətə sahib olan mükəmməl diplomat, ölkənin inkişaf strategiyasını, reform proseslərinə bilavasitə rəhbərlik edən şəxsdir. Ona görə də, bu proseslərdə Azərbaycan xalqı Dövlət başçısının hər bir fikrinə inanır və güvənir.  Ölkənin iqtisadi, sosial cəhətdən dirçəlməsi ilə bağlı, yeni iş yerlərinin açılması ilə bağlı, atılan bu addımların hər biri ölkə başçısının proseslərə birbaşa diqqət etdiyinin bariz nümunəsidir”.

 

Politoloq Ramiz Alıyev isə deyir ki, Azərbaycanın müharibədən çıxmasına baxmayaraq ölkə üzrə görülən işlər, aparılan islahatlar ciddi iradə və səlis siyasətin nəticəsidir: “Aparılan düzgün siyasət nəticəsində regionlarımızda yeni obyektlər açılır, yeni infrastruktur layihələri həyata keçirilir. Belə layihələr həm də işğaldan azad olunmuş rayonlarımızda həyata keçirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında bildirmişdi ki, müharibədən sonra bu cür layihələrin həyata keçirilməsi hər liderin işi deyil. Bu həqiqətən də təqdirəlayiqdir və alqışlanası haldır. Hesab edirəm ki, belə böyük layihələr həm Qarabağda, həm də Şərqi Zəngəzurda, eyni zamanda digər bölgələrimizdə davam edəcək”.

 

Qeyd edək ki, Dövlət başçısı İsmayıllı ilə yanaşı Şamaxıya da səfər edib. Səfər çərçivəsində “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı və “Meysəri” yarımstansiyası vasitəsilə Şamaxı və İsmayıllı rayonlarının elektrik şəbəkələri ilə əlaqələndirilməsi enerji təchizatı sahəsində vacib amildir. Sözsüz ki, Şamaxı şəhər stadionunun açılması, Şamaxı Üzüm Tingçilik Mərkəzinin açılması, Şamaxıda Çarhan kənd orta məktəbinin yeni binasının istifadəyə verilməsi, Pirsaat Baba ziyarətgah-məscid kompleksində bərpa və yenidənqurma işləri ölkəmizdə hər bir sahəyə olan diqqət və qayğının bariz nümunəsidir.

 

Fuad Sadıqov,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv