Prezident: “Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfərə gəliblər.

APA TV xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Gəncəyə 16-cı səfəridir. Belə səfərlər zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı dövlətimizin başçısının verdiyi göstərişlər, imzaladığı sərəncamlar şəhərin hərtərəfli inkişafına zəmin yaradır. Belə ki, 2003-cü ilə nisbətdə 2019-cu ildə Gəncədə məhsul buraxılışı 4,3 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 2,8 dəfə, əsas kapitala yönəldilmiş vəsait 60 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 63,1 dəfə artıb. 2003-cü ildən 2020-ci ilin birinci rübü ərzində Gəncədə 60 587, bu il isə ödənişli əsaslarla 2075, pandemiya ilə əlaqədar üç min müvəqqəti iş yeri açılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verildi.

Prezident İlham Əliyev zavodu işə saldı.

Məlumat verildi ki, müəssisədə süni mərmər, keramoqranit - yəni, yer və divar üzlükləri, metlax və quru inşaat qarışıqları istehsal ediləcək. Hazırda burada illik istehsal gücü 40 min ton astar və 20 min ton üzlük olan tikinti materialları istehsalı zavodu tikilib və avadanlıqları quraşdırılıb. Məhsulların hazırlanmasında istifadə olunan xammal Daşkəsən, Şəmkir, Ağstafa və Qaradağ rayonlarından gətirilir. Müəssisənin illik istehsal gücü - 3 milyon kvadratmetr olacaq. Burada hazırlanan məsulların Rusiya Federasiyasına, Gürcüstana və Orta Asiya respublikalarına satışı nəzərdə tutulur. Zavodda 300-dən çox yeni iş yeri yaradılıb.

Zavodun direktoru Anar Məmmədov bildirdi ki, müəssisənin ümumi dəyəri 46,5 milyon manatdır. Onun 10 milyon manatı güzəştli kreditdir. Ümumi dəyəri 32 milyon manat olan investisiya təşviqi sənədi alınmış və 6 milyon manat vəsaitə qənaət olunub.

Qeyd edək ki, ölkəmizin hər yerində olduğu kimi, Gəncədə də sahibkarlığa ümumi iqtisadi inkişafın mühüm subyekti kimi baxılır. 2004-cü ildən bəri Sahibkarlığın İnkişafı Fondu tərəfindən Gəncədə 498 sahibkara 51,2 milyon manat kredit verilib. Bu da şəhərdə yeni istehsal müəssisələrinin yaradılmasına şərait yaradıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verildi.

Bildirildi ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən 2020-ci ilin fevral ayında Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində yaşayış kompleksinin tikintisinə başlanılıb. Kompleksə 18 çoxmənzilli bina və əsaslı təmirə ehtiyacı olan 28 və 46 nömrəli ümumtəhsil məktəbləri üçün bina, uşaq bağçası və digər xidmət obyektləri daxildir. Cari ilin avqust ayında ümumtəhsil məktəbi binasının və 2021-ci ilin sonunadək 11 yaşayış binasının istismara verilməsi nəzərdə tutulub. Layihəyə əsasən yaşayış binaları doqquz və on iki mərtəbəli olacaqdır.

Mənzillər vətəndaşlara tam təmirli, mətbəx mebeli və qaz plitəsi, fərdi kombi sistemi və digər texniki avadanlıqlarla təchiz olunmuş vəziyyətdə təklif ediləcək. Kompleksin ərazisində yaşıllıq zonaları, uşaq meydançaları yaradılacaq.

Qeyd edək ki, bu kompleksin tikintisi demoqrafiq inkişafa uyğun olaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin həllində mühüm əhəmiyyət kəsb edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım yeni tibb müəssisəsində yaradılan şəraitlə tanış olublar.

Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, digər modul tipli infeksion xəstəliklər korpuslarında olduğu kimi burada da orta simptomları olan infeksion koronavirus xəstələrin qəbulu və müalicəsi üçün şərait yaradılıb. Bildirilib ki, eyni zamanda, yeni tibb müəssisəsinin daha ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz olunması istiqamətində işlər görülür. Üç korpusdan ibarət olan, ümumilikdə 100 palata və 200 çarpayılıq bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi, həmçinin xüsusi havalandırma sistemi ilə təchiz olunub. Bu sistem havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürəcək.

Modul tipli infeksion xəstəliklər korpusu ilə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım bir qrup tibb işçisi ilə görüşdülər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma kompleksdə yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, Gəncənin şəhər kimi inkişafı Böyük Şah Abbasın adı ilə bağlıdır. Şəhərin tarixən formalaşmış mərkəzi hissəsi gəncəlilər tərəfindən “Şah Abbas meydanı” adlandırılan bazar meydanı olub. Özünəməxsus memarlıq elementlərinə görə Gəncənin baş meydanı Azərbaycanın əksər şəhərlərindəki bazar meydanlarından seçilib. Bu meydan XVII əsrdə böyüklüyünə görə yalnız Təbrizin bazar meydanından geri qalırmış. Ehtimal olunur ki, bazar meydanının ətrafında “Şah Abbas” karvansarası 1663-1664-cü illərdə Gəncə bəylərbəyi olmuş Murtuza Qulu xan Ziyad oğlunun qardaşı oğlu Uğurlu xanın vəsaiti ilə memar Şeyx Bahəddin Məhəmməd Amilinin planı üzrə tikilmiş və xan nəslinə məxsus olmuşdur. Karvansara dövrünün əzəmətli tikililərindən olduğundan Uğurlu xan ona böyük hökmdar Şah Abbasın adını verib.

Eyni dövrdə tikilmiş nisbətən kiçik həcmli karvansara isə əhali arasında “Uğurlu Xan” karvansarası adlandırılmışdır. XIX əsrin birinci yarısında Rusiya-İran müharibəsindən sonra Azərbaycanın şimal hissəsinin böyük şəhərlərində rus hərbi qarnizonları yerləşdirilmiş və rus qoşunları tərəfindən bütün xan mülkü kimi karvansaralar da müsadirə edilmişdir. Bu və digər səbəblərdən abidə öz görkəmini itirmişdi. Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən “Şah Abbas” karvansarası əsaslı şəkildə əvvəlki görkəminə uyğun və müasir infrastrukturla təmin edilməklə yenidən bərpa olunub, ətraf ərazi abadlaşdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə Dövlət Dram Teatrının yeni binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma binada aparılan tikinti işləri barədə məlumat verildi.

Bildirildi ki, teatrın yeni binasında inşaat işləri artıq tamamlanmaq üzrədir. Hazırda teatrda dekorasiya və digər işlərin yerinə yetirilməsi istiqamətində tədbirlər görülür. Binada geniş tamaşaçı tutumlu zal və digər yardımçı otaqlar yerləşəcək.

Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrının yeni binasının təməli 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

Dövlətimizin başçısı teatrın binası ilə tanışlıqdan sonra tövsiyə və tapşırıqlarını verdi.

Gəncədə aparılan tikinti, abadlıq-quruculuq işləri arasında yolların, keçidlərin, körpülərin tikintisi və təmiri də əsas prioritetlərdəndir. Son vaxtlar Gəncəçay çayı üzərində eyni vaxta beş körpünün bərpası başa çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin körpülərdə görülmüş işlərlə tanış oldular.

Bildirildi ki, bu beş körpüdən biri - Müseyib Bağırov küçəsinin Gəncəçay çayı ilə kəsişmədə yerləşən körpü 1986-cı ildə, digər dördü isə ötən əsrin 50-ci illərində tikilib. Körpülər tamamilə köhnəldiyindən gediş-gəliş üçün təhlükəli vəziyyətə düşmüşdü. Bunu nəzərə alaraq dövlətimizin başçısı keçən il mayın 16-da Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Müseyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişmələrində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpası üçün Prezidentin ehtiyat fondundan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat vəsait ayrılması barədə Sərəncam imzalamışdı. Həmin vəsait hesabına körpülərdə təmir-bərpa işləri optimal müddətdə başa çatdırılıb. Bütün körpülərin hərəkət hissəsinin, məhəccərlərin, çay məcrasının aşağı və yuxarı hissələrinin, sağ, sol sahil yamaclarının dəmir-betonla bərkidilməsi işləri aparılıb, hərəkət hissəsinin hər iki tərəfində təkərqaytaranlar quraşdırılıb, səkilər təmir olunub. Beləliklə bundan sonra həm piyadalar, həm də avtomobillər bu körpülər üzərindən təhlükəsiz hərəkət edə biləcəklər.

Burada dövlətimizin başçısına tikintisi başa çatmış yollar barədə də məlumat verildi. Qeyd edildi ki, Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 5 kilometrlik hissəsinin yenidən qurulması bu bölgədə turizmin inkişafında böyük rol oynamaqla Gəncə şəhərindən giriş-çıxışı yaxşılaşdıracaq. Kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Samux rayonunda da uzunluğu 12,7 kilometr olan Yenikənd-Köbər-Qaraağaclı avtomobil yolu yenidən qurulub. Bu yol 3 yaşayış məntəqəsini əhatə etməklə minlərlə əhalinin gediş-gəlişini rahatlaşdırıb. Paralel olaraq yolun altında mövcud suötürücü borular bərpa edilib, zəruri olan yerlərdə yeniləri qurulub. Layihə çərçivəsində yolun 11-ci kilometrində “Qanlı Qobu” adlanan ərazidə yeni körpü inşa edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım yeni tədris korpusunda yaradılan şəraitlə tanış olublar.

Diqqətə çatdırılıb ki, ölkədə ərzaq probleminin həllində önəmli rola malik olan kənd təsərrüfatının elmi əsaslarla inkişafında həmişə mühüm rolu olmuş bu ali təhsil müəssisəsi son illər tamamilə yenidən qurulur. Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, dövlət əsaslı vəsait qoyuluşu - investisiya xərcləri hesabına tikilmiş yeni tədris korpusunda müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların səmərəli aparılması üçün hər cür şərait yaradılıb. Professor-müəllim heyətinin və tələbələrin ixtiyarına ən yeni əyani vasitələr və avadanlıqla təchiz olunmuş auditoriyalar və laboratoriyalar verilib. Binada bütün zəruri infrastruktur qurulub. İnzibati xidmət və digər yardımçı otaqlar yaradılıb. Yeni tədris korpusunda ümumilikdə 3 min tələbə iki növbədə təhsil alacaq.

Bildirilib ki, yeni tədris korpusunda aqronomluq, zootexniklik istiqaməti, ictimai elmlər və multikulturalizm kafedraları, interaktiv təlim-tədris otaqları fəaliyyət göstərəcək. Bu korpusun istifadəyə verilməsi bir də ona görə əlamətdardır ki, burada əlavə 93 nəfər üçün yeni iş yeri açılacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə İdman Sarayının tikintisi ilə tanış olub.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Gəncə şəhərində daha bir möhtəşəm idman kompleksi tikilməkdədir. Gəncə İdman Sarayının 2022-ci ildə istismara verilməsi nəzərdə tutulur. İkimərtəbəli bu qurğuda böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq şahmat turnirlərinin keçirilməsi üçün zal, şahmat, güləş, boks və digər idman növləri üzrə məktəblər, boulinq və atıcılıq zalları, istirahət və iaşə obyektləri fəaliyyət göstərəcək. İdman sarayı ən müasir avadanlıqla təchiz olunacaq.

Gəncə İdman Sarayında inşaat işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev tikintinin keyfiyyətlə aparılması və obyektin vaxtında istifadəyə verilməsi ilə bağlı tapşırıqlarını verdi.

 

Müəllif | Apa.Tv
Apa.tv