Prezident xəbərdarlıq etdi: “Sahibkar dövlətdən təzminat alacağına ümid etməsin!”
“Bu il zəlzələ olub. Üstündən cəmi 10 ay keçib, bütün əsas tikinti işləri artıq başa çatıb. Minlərlə ev tikilib, təmir və bərpa edilib. Bəziləri deyir ki, indi vətəndaşlar gərək bu evləri özləri bərpa etsin, gərək sığortalasınlar. Əlbəttə, gərək sığortalasınlar. Mən də söz düşmüşkən bunu deməliyəm, o cümlədən ticarət obyektləri, onların hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nə isə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil”.
Prezident İlham Əliyev aztəminatlı ailələrin dövlətin diqqətindən kənarda qalmadığını xüsusi vurğulayıb: “Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı bu ədalətsizdir. Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir. Mən bunu sahibkarlara dəfələrlə demişəm, onların sosial məsuliyyəti olmalıdır. Pul qazanırlar, dövlət şərait yaradıb, harada belə şərait var? Ölkələr var ki, od içindədir. Bizim bölgəmizdə - Yaxın Şərqdə, Avropada, Asiyada, Latın Amerikasında müharibələr, münaqişələr, qanlı toqquşmalar, kütləvi etirazlar, polis zorakılığı, dağıntılar baş verir. Bizdə sabitlikdir. Kim yaradıb bunu? Biz. Kim faydalanır? Bütün vətəndaşlar, o cümlədən sahibkarlar. Rahat yaşayırlar, heç kim onlara dəymir, əksinə, Prezident həmişə onları dəstəkləyir. Getsinlər camaata, kasıba əl tutsunlar. Biz o insana kömək edirik ki, onun ehtiyacı var”.
Prezident İlham Əliyev hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasını, insanları narahat edən problemlərin aradan qaldırılmasını hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirildiyini də diqqətə çatdırıb: “Şamaxıda, Ağsuda, İsmayıllıda zəlzələ baş verdi. Biz necə biganə qala bilərdik, vətəndaşlar qışda donsun? Ona görə biz dərhal vəsait ayırdıq, bütün qurumları səfərbər etdik və 10 ay ərzində qış gələnə qədər onların evləri tikildi və təmir edildi. Bax, bu, bizim məsuliyyətimizdir, o insanlar ki, doğrudan da ehtiyac içindədir, o evləri özləri bərpa edə bilməz. İndi o evləri sığortalamaq üçün maarifləndirmə işləri aparılmalıdır. Ancaq hansısa biznesmenə, böyük mülklərə sahib olan varlı bir adama dövlət niyə kömək etməlidir? Qətiyyən elə şey ola bilməz və hər kəs nəticə çıxarsın”.
Əhalinin şəxsi mülklərini, həmçinin sahibkarlıq obyektlərinin sığortalaması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyi barədə danışan sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı bu sahədə çox ciddi hüquq pozuntularının olduğunu deyib: “Xüsusilə söhbət sahibkarlıq subyektləri və böyük ticarət mərkəzlərindən gedirsə, çox ciddi sənəd və mülkiyyət pozuntusu hallarına rast gəlinir. Düşünün, bu gün hər hansı bazardan danışırıqsa, yazılır ki, filan hektar üzərində bir bazar var. Amma faktiki orda fəaliyyət göstərən icarədarların, mağaza sahiblərinin heç bir hüquqi əsası yoxdur ki, mağazaya dair hüquqlarını həyata keçirsinlər. Qanunda sığorta marağı deyilən bir ifadə var. Bu, şəxsin sığortalamaq istədiyi predmetlə olan maddi münasibətləridir. Hər hansı bir sahibkar bu halda gəlsə ki, mən əmlakımı və yaxud mallarımı sığortalayım, bunun üçün onun əlində nə hüquqi sənədi, nə mallarının fakturası yoxdur”.
Hüquqşünas Emil Aslanovun sözlərinə görə, 2011-ci ildən “İcbari Sığorta haqqında” qanun mövcud olsa da, bu günə kimi reallaşmayıb: “Dövlətin sahibkara dəymiş ziyanı ödəməklə bağlı heç bir hüquqi öhdəliyi yoxdur. Bununla bağlı sığorta şirkətləri və büroları olduğundan, tərəflər arasında artıq öhdəlik yaranır. Öhdəlik zamanı da hansısa obyekt, yaşayış sahəsi, daşınan və daşınmayan əşyalardan hansınınsa sığorta hadisəsi baş verdisə, o halda həmin öhdəliklə bağlı müqavilə şərtlərinə uyğun dəymiş ziyana uyğun olaraq kompensasiya ödənilməlidir”.
Şübhəsiz ki, 2019-cu il Azərbaycan tarixinə sosial sahədə islahatlar ili kimi düşəcək. Görünən odur ki, bu il həm də sığorta bazarının dirçəlişinin təməli qoyuldu.