Prezidentin istismara verdiyi gəmi-bərələr - ŞƏRHSİZ

Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan “Azərbaycan” adlı ilk Ro-Pax (Ro-Paks) tipli gəmi-bərənin istismara verilməsi və eyni təyinatlı “Akademik Zərifə Əliyeva” adlı növbəti gəminin suya salınması mərasimində iştirak edib.

 

APA TV-nin xəbərinə görə, hazırda Azərbaycan üzərindən tranzit keçən avtotexnika və vaqonların Xəzər dənizində daşınmasını Bərə və Ro-Ro tipli gəmilər həyata keçirir və bu gün ümumilikdə Xəzərdə 13 ədəd bərə-gəmi, 6 ədəd Ro-Ro tipli gəmi fəaliyyət göstərir. Xəzərdə mövcud bərə gəmilərin hamısı ASCO-nun donanmasına məxsusdur və ASCO bu gün Xəzərdə yeganə bərə operatorudur. Ro-Ro tipli gəmilər isə hər birində iki ədəd olmaqla, həm ASCO, həm Türkmənistan, həm də Rusiyaya məxsus gəmiçilik şirkətlərinin donanmasında istismar olunur. Lakin istər bərə, istərsə də Ro-Ro tipli bu gəmilər vaxtilə keçmiş Yuqoslaviya, indiki Xorvatiyanın gəmiqayırma zavodlarında tikilərək Xəzərə gətirilib.

 

Unikal layihə hesab olunan və bu layihə ilə ilk dəfə Xəzərdə istismara verilən yeni Ro-Pax tipli gəmi-bərələrin konsepsiyası və mühəndis-layihə işləri ASCO mühəndislərinin yaxından iştirakı ilə Odessa Dəniz Mühəndisliyi Bürosu tərəfindən hazırlanıb. Bu gəmilərin uzunluğu 154.5, eni 17.7, bortunun hündürlüyü 7.5 metrdir. 30 nəfərlik heyətlə idarə edilən gəmilər saatda 14 uzel sürətlə hərəkət etmək imkanına malikdirlər. Yeni Ro-Pax tipli gəmilər yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 nəfər sərnişin, 56 ədəd sistern tipli vaqon və ya 50 ədəd yük avtomobili/TİR daşımaq imkanına malikdir. Eyni zamanda, gəmilər yük lifti, helikopter meydançası, dalğalı havada tarazlama sistemi və iki ədəd dartıcı lokomotivlə təchiz olunublar. Ro-Pax tipli gəmi-bərələr hazırda ASCO-nun donanmasında olan digər bərələrlə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirəcək, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edəcəklər.

 

Daha sonra Prezident İlham Əliyev “Akademik Zərifə Əliyeva” Ro-Pax gəmi-bərəsinin ilk dəfə suya salınması mərasimində iştirak edib.

 

ASCO-nun sədri Rauf Vəliyev hazırda Bakı Gəmiqayırma Zavodunda Gəmiçiliyin sifarişi ilə inşa edilən digər gəmilər barədə də məlumat verdi. Hazırda Zavodda ASCO-nun donanması üçün daha 3 ədəd tankerin inşası davam etdirilir. Bu tankerlər Zavod tərəfindən 2019-cu ilin dekabrında təhvil verilən və hazırda Qara dəniz - Aralıq dənizi hövzələrində fəaliyyət göstərən 8,000 ton yükgötürmə imkanlı “Laçın” neftdaşıyan tankeri ilə eyni tiplidir. Tikilən tankerlərdən biri “Kəlbəcər” bu ilin avqustunda suya salınıb və tamamlama işləri başa çatmaq üzrədir. Hər 3 tankerdə tikinti işləri qrafikə uyğun davam etdirilir və gəmilərin 2021-ci il ərzində mərhələli şəkildə təhvili gözlənilir. Unikal layihə olan Volqa-Don max tipli bu tankerlər nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasına, eyni zamanda Volqa-Don və Volqa-Balt kanalları vasitəsi ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasına imkan verir.

 

Qeyd edək ki, ASCO-nun 2030-cu ilə kimi donanmasının yenilənməsi planına uyğun tikintisi zəruri olan digər müxtəlif təyinatlı gəmilərin inşası barədə də Bakı Gəmiqayırma Zavodu ilə danışıqlar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv