Prezidentin köməkçisi: “Avqustun 5-dən yumşalmaya gedəcəyik”
“Belə davam etsə, karantin rejimində yumşalmalara gedəcəyik”.
APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, yoluxanların sayındakı azalma sevindiricidir: “Bu tendensiya davam etsə, daha çox yumşalmalara gedəcəyik. Bu gün bərbərxanalar da açılıb və mənim də simamda bunun nümunəsini görə bilərsiniz”.
Şahmar Mövsümov qeyd edib ki, karantin dövründə 689 min insana sosial istiqamətdə 254 milyon manat vəsait ödənilib. 212 min muzdlu işçinin əməkhaqqı üçün isə 95 milyon 632 manat dəstək verilib: “Sahibkarlara veriləcək yarım milyard manata qədər kreditin faizlərinin subsidiyalaşdırılması üçün 10 milyon manat ayrılıb. Bu istiqamət üzrə 352 milyon manatdan çox vəsait xərclənib. Azərbaycan bu gün bir neçə cəbhədə mübarizə aparır. Bu, Ermənistanla Tovuz istiqamətində mübarizə, digər istiqamət isə koronavirusla mübarizədir. Biz bütün cəbhələrdə qalib gələcəyik”.
Prezidentin köməkçisi onu da vurğulayıb ki, hazırda Qurban bayramının keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanır. Amma avqustun 5-nə qədər çimərliklər açılmayacaq.
Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə isə bildirib ki, imtahanlarda indiyədək koronavirusa yoluxma qeydə alınmayıb: “DİM tərəfindən pandemiya şəraitində imtahanların keçirilməsi üçün addımlar atılıb, imtahanlar lokallaşdırılıb. İmtahanlarda kütləviliyin azaldılması üçün bütün şəhər və rayonlarda bu imtahanları keçirmişik, lokallaşdırma aparılıb. Bu, imtahanlarda bir binada 220-250 nəfərin iştirak etməsinə imkan verib. İndiyə qədər imtahanlarda koronavirusa yoluxma qeydə alınmayıb”.
Qurum rəsmisi deyib ki, avqustdan dövlət qulluğuna qəbul imtahanları keçiriləcək.
Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib ki, hazırda 12 862 vətəndaş ambulator nəzarət altındadır: “Bunlardan 8 mindən artığı COVID-19-a laborator testin nəticəsi mənfi olanlardır. Habelə xəstəxanadan çıxmış və ev şəraitində nəzarəti davam etdirilən vətəndaşlarımız, COVID-19-a yoluxmuş şəxslərlə təmasda olmuş vətəndaşlarımız və testin nəticəsi mənfi olsa da, əlamətləri şübhəli olan vətəndaşlarımız bunların tam əksəriyyətini təşkil edir”.
Nadir Zeynalov qeyd edib ki, gün ərzində 400-500 nəfər koronavirusla bağlı telefon vasitəsilə müraciət edir.