Prezidentin köməkçisi: "Azərbaycan torpaqlarını azad etmək üçün istənilən tədbiri görməyə hazırdır"
“Tovuzda sərhəddə baş verənlər Ermənistan tərəfindən məqsədyönlü, əvvəlcədən planlaşdırılmış təxribatdır”.
APA TV-nin xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, beynəlxalq təşkilatlarda olan daimi nümayəndəliklər tərəfindən müvafiq notalar təqdim olunub:
“BMT baş katibinə nota verilib. Qoşulmama Hərəkatı çərçivəsində də xüsusi sessiya çağırılıb ki, üzv dövlətlərə məlumat verilsin. Bu gün ATƏT Daimi Şurasının iclası keçirilir. İclasa ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də qatılması nəzərdə tutulub. Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinə də lazımi təlimatlar verilib”.
ATƏT-in Minsk qrupu həmsədrlərinin ümumi xarakter daşıyan bəyanat verdiyini söyləyən Hikmət Hacıyev deyib ki, onlar Ermənistanın mövqeyini pisləməlidirlər.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan bu təxribata görə məsuliyyəti Azərbaycanın üzərinə atmaq istəyib, lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında atılan diplomatik addımlar Ermənistanın bu niyyətini puç edib.
Hikmət Hacıyev Ermənistan döyüşlərdəki itkilərini gizlətdiyini vurğulayıb:
“Ermənilər Tovuz istiqamətində də Azərbaycan ordusunun qətiyyətli cavabı qarşısında Azərbaycanın mülki obyektlərinə zərbə endirir, eyni zamanda özləri Ermənistanda mülki əhalinin arxasında gizlənirlər. Məqsəd odur ki, cavab zərbəsi nəticəsində Ermənistanda mülki şəxslərə ziyan dəysin və bundan da beynəlxalq aləmdə istifadə etsinlər. Azərbaycan Ordusu isə dəqiq hədəflərə münasibətdə zərbələr endirilir”
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan silahlı bölmələri ötən gecə təxribata əl atıblar, lakin Azərbaycan Ordusu tərəfindən zəruri addımlar atılır və düşmənə layiqli cavablar verilir:
“Digər tərəfdən, Ermənistan ATƏT-in Minsk Qrupuna yalvararaq atəşin dayandırılmasını xahiş edir, nisbi sakitlik olanda isə yenidən atəşkəsi pozur. Ermənistan ictimaiyyətinin hərbi avantüraya görə verilmiş itkilərin sayının açıqlanmasını hakimiyyətlərindən tələb etməsini istəyərdik”.
Hikmət Hacıyev bir daha vurğulayıb ki, Azərbaycan torpaqlarını azad etmək üçün istənilən an istənilən tədbirləri görməyə hazırdır.