Prezidentin köməkçisi: “Silahlı Qüvvələrimiz adekvat tədbirlər görür”
Ermənistanın siyasi hərbi rəhbərliyinin hərbi və müharibə cinayətləri davam edir.
APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb.
Prezidentinin köməkçisi deyib ki, Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub.
"Yenə də Ermənistan ərazisindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonları istiqamətində yaşayış məntəqələrinə raket atılıb.
Ermənistanın bu hücumları nəticəsində mülki insanlar arasında həlak olan və yaralananlar vardır.
Hər hansı hərbi zərurət olmadan Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin kütləvi şəkildə bombardman edilməsi təsadüfi xarakter daşımayaraq, məqsədyönlü şəkildə həyata keçirilir.
Yaşayış məntəqələrinin Ermənistan tərəfindən sistematik şəkildə bombardman edilməsi bu planın əvvəlcədən hazırlandığını və Ermənistan silahlı qüvvələrinin döyüş və atəş hazırlığı proqramına daxil edilməsindən xəbər verir.
Bu məqsədlə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli bombalardan istifadə olunur.
Artilleriya və raket hücumlarının əksəriyyəti Xankəndi şəhəri yaxınlığındakı artilleriya bazalarından atılır.
Azərbaycan Respublikası Silahlı Qüvvələri mülki insanların təhlükəsizliyini təmin etmək üçün hədəflənmiş şəkildə və dəqiq atəşlə həmin atəş məntəqələrini sıradan çıxarır və adekvat tədbirlər görür.
Regionda davamlı sülhü təmin etmək üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən tam şəkildə çıxarılmalıdır”, - deyə H. Hacıyev vurğulayıb.