Prezidentin tapşırığına əsasən zəlzələ zonasında təhsil alan tələbələrimiz təxliyyə edilir

Türkiyədə baş verən zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr təxliyyə edilir.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyyə olunması istiqamətində tədbirlər görülür.

 

Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Mürşüd Məmmədov isə  APA TV-nin yerli bürosuna bildirib ki,  Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyyəsinə başlanılıb.

Onun sözlərinə görə, Elazığ və Malatyada təhsil alan Azərbaycanlı tələbələr məlumatlandırılıb və onların təxliyyəsi üçün avtobuslar ayrılıb.

M. Məmmədov bildirib ki, yalnız tələbələr deyil, zəlzələ ərazisində yaşayan digər Azərbaycan vətəndaşları da bu avtobusların xidmətindən istifadə edə biləcək: “Hazırda bir avtobus Elazığa yaxınlaşmaqdadır. Tələbələr Malatya və Elazığdan Naxçıvana aparılacaq. Sənədləri qaydasında olmayan vətəndaşlarımıza Qars Baş Konsulluğu tərəfindən yardım göstəriləcək”.

M. Məmmədov vurğulayıb ki, tələbələr arasında zəlzələdən zərərçəkən olmayıb və tələbələrin geri qayıtması Türkiyə dövlətinin müvafiq məlumatından sonra mümkün olacaq.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.  

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

 

Müəllif | Apa.Tv
Apa.tv