Professor "maskalardakı nanoqurdlar"la bağlı açıqlama verdi

Dünəndən sosial şəbəkələrdə tibbi maskalarda “nanoqurd”ların olduğunu iddia edən videolar yayılıb. Yayılan görüntülər insanlarda təşviş və inamsızlığa səbəb olub.

 

Məsələ ilə bağlı APA TV-yə açıqlama verən Adil Qeybulla bildirib ki, yayılan görüntülər təxribat xarakterlidir: “Sosial şəbəkələrdə mənasız, yalan, insanları çaşdıran fikirlər yayılır. Nano texnologiyaya aid bir termindir. Bu xüsusi hissəciklər, onların xüsusiyyətləri, necə ki, rəqəmsal sistem bütün dünyanı dəyişdi və bu gün biz tamamilə yeni bir texnologiyalar sisteminin içərisindəyik. Nanotexnologiyanın buna nə aidiyyəti var? Nanoqurd nə deməkdir? O dərəcə absurd informasiyalara inanmaq lazım deyil. Əgər koronavirus infeksiyasının başladığı ilk günlərdə “N” qədər dezinformasiyalar yayılırdı. Ümumdünya Səhiyyə Təşkilatı belə dezinformasiyalarla bağlı hər zaman ciddi mübarizə aparır”.

 

Bu cür dezinformasiyaların əslində koronavirusla mübarizədə ümumi işimizə ciddi əngəl yaratdığını deyən həkim onu da bildirdi ki, hər bir yanlış informasiya həmişəki kimi insanlarda çaşqınlıq yaradır: “Maska əleyhinə bu cür məntiqsiz, əsassız şayiələr bir sıra hallarda qəsdən, məqsədli şəkildə yayılır. Belə informasiyalara əhəmiyyət vermək lazım deyil. Sosial şəbəkələr də bəzi insanlar var ki, onlar bəzi qruplaşmaları, dini radikal qurumların üzvləri, bəzən də psixikasında müəyyən problemi olan insanlar qəsdən yayırlar. İnsanlarda ajotaj yaratmaq üçün. Elə insanlar var ki, belə informasiyanı yaymaqdan həzz alır. Hər bir halda bu cür informasiyalara inanmamağa çağırıram insanları. Biz bu gün pandemiyanın elə mərhələsindəyik ki, bütünlüklə ondan qorumağa, müalicə yollarına ciddi əməl etməyə çalışmalıyıq. Çünki hazırda ciddi mutasiyalar gedir”.

 

Həkim hesab edir ki, qorxu və stress insan orqanizmində immuniteti zəiflədən amillərdən biridir. Hazırkı dönəmdə insanların daha çox pozitiv və ürək açıcı informasiyalara ehtiyacı var.

 

İlahə Vəliyeva,

Əli Ələkbər,

APA TV

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv