Professor: “Tarixi abidələrin fəaliyyətinin bərpa edilməsi 3 əsas istiqamətdə nəzərdə tutulur”

“Vətən müharibəsində şanlı qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə artıq bərpa-quruculuq işlərinə başlanılıb. Qarşıda duran əsas məsələlərdən biri də Qarabağ və ətraf rayonlarda tarixi qoruqların yaradılmasıdır”.

 

Bunu APA TV-yə açıqlamasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor  Nəcəf Müseyibli bildirib. Onun sözlərinə görə, dirçəliş işlərinin mühüm bir istiqaməti də  tarixi abidələrin  fəaliyyətinin yenidən bərpa edilməsidir. Bu zaman 3 əsas istiqamət nəzərdə tutulur.  Abidələrin mühafizəsi, abidələrin tədqiqatları və abidələrin turizm məqsədi ilə istifadəsi: “Bu bölgədə hələ 1988-ci ildə “Şuşa tarix-memarlıq qoruğu” təşkil edilib. Lakin həmin dövrdən başlanan, Qarabağın Azərbaycandan qoparılmasına yönələn separatizm hərəkatı və sonra bölgənin Ermənistan tərəfindən işğalı tarixi abidələrlə, eyni zamanda Şuşa qoruğu ilə bağlı fəaliyyəti də dayandırıb. Halbuki bu bölgədə həmin illərə qədər yüzlərlə arxeoloji və memarlıq abidələri məlum idi. Onların bir qismində elmi tədqiqat işləri aparılmışdır. Bundan sonra bu ərazilərdə aparılacaq araşdırmalar nəticəsində bu vaxta qədər elmə məlum olmayan çoxsaylı abidələrin aşkar ediləcəyi şübhəsizdir”.

 

Tarixçi deyir ki, ilk növbədə Qarabağ və ətraf ərazilərdə aparılacaq elmi tədqiqat işləri nəticəsində bölgədə tarixi qoruqların təşkili üçün potensial sahələr müəyyən ediləcək. Amma indiki zamanda bu bölgədə bir sıra ərazilərdə kompakt yerləşən abidələri tarixi qoruqlarda birləşdirmək mümkündür: “Bu baxımdan ilk növbədə Xocavənd və Füzuli rayonlarının ərazisində axan Quruçay və Köndələnçay çaylarının hövzələrindəki abidələri qeyd etmək olar. Bu çayların arasındakı dağlıq, dağətəyi və düzən ərazidə Azıx və Tağlar mağaralarındakı ibtidai insan düşərgələri (Xocavənd rayonu), Neolit, Xalkolit və Tunc dövrlərinə aid Günəştəpə, Qaraköpəktəpə, Kültəpə, Xantəpə, Uzuntəpə, Meynətəpə (Füzuli rayonu) və s. arxeoloji abidələr məlumdur. Lokal bir ərazidə yerləşən bütün bu abidələr Azərbaycanın qədim tarixinin müxtəlif dövrlərini özündə yaşadır. Adları göstərilən Neolit-Tunc dövrü yaşayış yerləri bu bölgədə bir neçə min ili əhatə edən tarixi dövrlər arasında varislik məsələlərinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bu amillər Quruçay və Köndələnçay vadisi abidələrinin tarixi qoruq elan edilməsinin vacibliyini şərtləndirir. Bu abidələrdən aşkar edilmiş tapıntıların qorunması və turistlərə nümayiş etdirilməsi üçün Füzuli şəhərində muzeyin yaradılması da məqsədəuyğundur”.

 

Tarixi qoruq yaradılması üçün digər abidələr qrupu olaraq Kəlbəcər rayonu ərazisindəki Tunc dövrünə aid qayaüstü təsvirlərin nəzərdə tutula biləcəyini deyən Nəcəf Müseyibli bildirdi ki, Dəlidağın yamaclarında ötən əsrin 70-ci illərində aşkar edilmiş bu təsvirlərin sayı minlərlədir.

 

Tarixçi hesab edir ki, yaxın gələcəkdə Qarabağ bölgəsində Tərtərçay, Qarqarçay, Həkəriçay və digər çayların hövzələrində yığcam halda yerləşən abidələrin qoruqlar halında birləşdirilməsi perspektivləri öyrənilməlidir. Eyni zamanda, bəzi qədim şəhər qalıqları, alban xristian dini-memarlıq abidələri tarixi qoruqlara çevrilə bilər. Bütün bunlar icra edildikdən sonra region turizm üçün geniş imkanlar yaradacaq.

 

İlahə Vəliyeva,

Üzeyir Ağayev,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv