Prokurorluq: Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı cinayət işi başlanılıb

27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

Respublika Baş Prokurorluğundan APA TV-yə verilən məlumata görə, Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində  5-i qadın olmaqla, 21 nəfər həlak olub (siyahı əlavə olunur), 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Müəllif | Apa.Tv
Apa.tv