Prokurorluq orqanlarının yaradılmasından 104 il keçir

Azərbaycan prokurorluq orqanlarının yaradılmasından 104 il keçir.

 

APA TV xəbər verir ki, bu münasibətilə baş prokuror Kamran Əliyev və Baş Prokurorluğun əməkdaşları Fəxri xiyabanı ziyarət edib.

 

Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilərək məzarı önünə əklil qoyulub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilib. Həmçinin, Baş prokuror və prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Daha sonra Baş Prokurorluqda Azərbaycan Prokurorluğun yaranmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə çıxış edən Kamran Əliyev prokurorluq orqanlarının yaradılmasından danışıb: “Müstəqillik dövründə prokurorluq özünün inkişaf yoluna qədəm qoyub. 1999-cu ildə Azərbaycanda prokurorluq haqqında qanun qəbul edilib. Bu gün bizə Ulu öndər tərəfindən bəxş edilib. Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir”.

 

Baş prokuror qeyd edib ki, 2002-ci ildən prokurorluğa qəbul test üsulu ilə həyata keçirilir. Bu il üçün də işə qəbul elan olunub. 407-dən artıq hüquqşünas gənc müraciət edib.

 

Kamran Əliyev həmçinin müəyyən nöqsanların olmasına rəğmən əldə edilən uğurların da az olmadığını vurğulayıb.

 

Sonda bir sıra prokurorluq əməkdaşları təltif olunublar.

 

Aysel Əliyeva,

Kamran Namazov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv