Protez-Ortopedik Bərpa Mərkəzinin təmirdən sonra açılışı olub

Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

 

APA TV-nin məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzində prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yüksək texnologiyalı protezlərin hazırlanması sexi də qurulub. Nazir müavini Anar Kərimov bildirib ki, mərkəzin istehsal sahəsində müxtəlif protez-ortopedik məhsullar (protez, ortez, korset, ortopedik ayaqqabı, protez ayaqqabı və s.) hazırlanır: “Yeni müəssisə 60 çarpayılıq olacaq. Eyni zamanda mərkəzin Gəncə şəhərində 10 çarpayıdan ibarət filialı fəaliyyət göstərəcək. Bu müəssisənin vacib meyarlarından bir də o olacaq ki, burada sexin qurulmasında Almaniyanın “Ottobock” şirkəti ilə əməkdaşlıq edilib. Biz gələcəkdə 1500 vətəndaşa stasionar şəkildə xidmət göstərəcəyik. Həmçinin 500-dən çox vətəndaşa ambulator xidmətlər göstəriləcək”.

 

Bu ilin ötən dövründə Protez-Ortopedik Bərpa Mərkəzi 13607 nəfər əlilliyi olan şəxsi 35,5 minə yaxın reabilitasiya vasitəsi, o cümlədən 1920 əlil arabası ilə təmin edib. Əlilliyi olan vətəndaşlar mərkəzdə yaradılan şəraitdən razıdır: “Biz inanırıq ki, burada yaradılan şərait əlilliyi olan insanlarımızın lazımı avadanlıqla təmin olunmasına həm kəmiyyət, həm də keyfiyyətcə müsbət təsir göstərəcək. Bu mərkəz əlilliyi olan insanlarımızın məmnunluğunun artırılmasına və xidmətin yüksəldilməsinə təsir edəcək. İnanırıq ki, gələcəkdə bu mərkəzə daha yüksək texnologiyalar, yeni avadanlıq gətiriləcək”.


“Əvvəlki illərlə müqayisədə bu sahədə irəliləyiş böyükdür. Hazırda mərkəzin özündə şərait çox gözəldir. Dövlətin bizi əlil arabaları ilə təmin etməsi çox gözəldir. İnanıram ki, bundan sonra daha da yaxşı olar”.


Direktor Asif Məcidov mərkəzin səyyar məntəqələrinin də fəaliyyət göstərdiyini vurğuladı: “İl ərzində ən azı 15-16 min insana xidmət göstərməyi düşünürük. Bundan əlavə bizim səyyar xidmətlərimiz də mütəmadi olaraq təşkil olunur. Səyyar xidmətlərdə də 800-900 vətəndaşa xidmət göstərmək potensialımız var”.

 

Xatırladaq ki, ƏƏSMN növbəti mərhələdə Sumqayıt, Şirvan, Şəki, Xaçmaz və Lənkəranda yeni bərpa mərkəzləri istifadəyə verəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv