Putin-Bayden görüşünün şifrələri: 3-cü Dünya Müharibəsi mesajı
Çoxdandır gözlənilən Putin-Bayden görüşü dünən baş tutdu. Görüş videoformat şəkilində keçirildi.
Görüşün nəticələri ilə bağlı Ağ Evin yaydığı açıqlamada bildirilir ki, Rusiya Federasiyası Ukraynaya qarşı "aqressiv" hərəkət edərsə, ABŞ Şərqi Avropada hərbi mövcudluğunun genişləndirilməsi tələblərinə müsbət cavab verəcək. Üstəlik, ABŞ Rusiya Federasiyasına qarşı ciddi iqtisadi sanksiyalar tətbiqinə hazırlaşır.
Açıqlamada bildirilir ki, Bayden Putinə şərt qoyub: “Şimal axını-2”də qaz axını görmək istəyirsə, Ukraynanı işğal fikrini unutsun.
Kremlin açıqlamasında isə bildirilir ki, Vladimir Putin Baydenlə söhbətini “açıq və işgüzar” adlandırıb.
Kremlin sözçüsü Dmitri Peskov görüşdən 1 gün öncə demişdi ki, əsas mövzu “acınacaqlı durumda olan” ikitərəfli münasibətlərdir. Onun sözlərinə görə, Ukrayna, NATO-nun genişlənməsi, təhlükəsizliyə təminat da diqqət mərkəzində olacaqdı.
Qeyd edək ki, Putinlə danışıqlardan öncə Bayden ABŞ-ın müttəfiqləri olan Britaniya, Fransa, İtaliya və Almaniya ilə telefonla danışıb. Ağ Evin bəyanatında o da bildirilib ki, liderlər Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
Görüşdən saatlar keçməsinə baxmayaraq, xeyli sual yenə açıq qalır. Görüşdən sonra hansı proseslər baş verə bilər? Ukrayna və Rusiya arasında müharibə olacaqmı? Müharibə olarsa, ABŞ Ukraynaya dəstək verəcəkmi?
Görüşlə bağlı suallarımızı cavablandıran siyasi şərhçi Cümşüd Nuriyev bildirib ki, yeni dünya düzənində Kreml Vaşiqtonun yerini tutmağa çalışır. O əlavə edib ki, danışıqlar uzun müddətlik planlaşdırılsa da, qısa müddətdə, yəni 2 saata yekunlaşdı və bir çox məsələlər razılaşdırılmamış qalıb: “Putin özünü Baydenlə müqayisədə həddən artıq aqressiv apardı. Yəni, diplomatiyanın bədən dili ilə Baydenə bir növ açıq şəkildə müqavimət göstərdiyi bəyan etdi. Ona görə bu görüş yeni “soyuq müharibə”nin başlanğıcı qoydu. İkinci, bu görüşdən sonar Üçüncü Dünya Müharibəsinin başlanması 50 faiz reallaşdı. Əgər Rusiyanın Ukraynadakı fəaliyyəti aqressivləşsə, birmənalı şəkildə NATO müdaxiləyə etməyə məcburdur. Rusiya NATO qarşıdurması güclənib. Kremlin Türkiyə ilə yaxınlaşmasının da əsası budur ki, Rusiya Avropanı itirdi, Türk dünyasını itirmək istəmir”.
Liderlərin görüşünün geosiyasi proseslərə təsirinə gəlincə isə siyasi şərhçi onu bildirib ki, Putin Baydenə “Ermənistanı biz yaratmışıq, biz də öldürə bilərik” mesajını verib. Cümşüd Nuriyev onu da qeyd edib ki, Kreml Türk dünyasını özünə müttəfiq seçərək NATO-ya qarşı güc göstərir: “Rusiya Türk dünyasını özünə dayaq seçməklə ağıllı gediş etdi. Məsələ ondadır ki, NATO-nun ikinci güclü dövləti olan Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqla əslində təşkilat daxilində “çat” yaratdı. Bu Ankaranın və Bakının siyasi maraqalarına uyğundur. Hal hazırda Azərbaycan Rusiya münasibətləri bir növ Azərbaycan həqiqətlərini təsdiq etmək statusuna keçdiyinə görə, rəsmi Bakının Rusiyanın indiki dövrü ilə hər hansı problemi yoxdur. Amma Rusiyada hakimiyyət dəyişsə, bu istiqamətdə Azərbaycan üçün müəyyən problem yaradıla bilər. Ona görə də Rusiyanın indiki statusu bizə sərf etdiyinə pörə, ABŞ da 30 il ərzində ATƏTin həmsədri kimi heç bir iş görmədiyinə görə, Rusiyanın mövqeyi bizə daha yaxındır”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bildirib ki, Kreml 3-cü Dünya Müharibəsinin başlanmasından ehtiyat edərək, həm Şərqi Avropada, həm Qara dənizdə, həm də Ukrayna ətrafında güclənməyə çalışır: “Bu görüşdə hər hansı müsbət nəticə olmadı. Rusiya və Ukrayna arasında müharibə başlayarsa bu çox böyük dağıdıcı müharibə ola bilər. Rusiya Şərqi Avropa ölkələrinə desant çıxara bilər. Ukrayna ərazisi isə qanadlı raketlərlə atəşə tuta bilər. Təbii ki, burada ABŞ və NATO Ukraynanı müdafiə edəcək. Bu da 3-cü dünya müharibəsinin başlanmasına gətirib çıxara bilər”.
Onu da qeyd edək ki, ABŞ Rusiyanı regionda gərginliyi azaltmağa çağırıb. Ukrayna rəsmiləri Rusiyanın sərhədə, eləcə də 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasına 90 mindən çox əsgər yığdığını deyirlər. ABŞ kəşfiyyatı isə ümumi qoşun sayının 175 minə çatacağını ehtimal edir.
Fuad Sadıqov
APA TV