Qadın həbsxanasında gördüklərimiz: Yeni vərdişlər öyrənirlər

BMT Baş Assambleyasının qərarı ilə hər il noyabrın 25-i Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.

Bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə 4 saylı cəzaçəkmə müəssisəsində “Gender bərbərliyinə nail olunmasında əsas çətinliklər” mövzusunda müzakirə keçirilib.

Əvvəlcə ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni penitensiar müəssisələrinin fəaliyyəti və yaradılmış müasir şəraitlə tanışlıq olub.

Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov, İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva, BMT-nin Rezident əlaqələndiricisi Vladanka Andreeva, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri Hüseyn Hüseynov çıxış ediblər.

Tədbirdə gender bərabərliyinə nail olunmasında, eyni zamanda qadınların səlahiyyətlərinin genişləndirilməsində və onların iqtisadi resurslara bərabər çıxış hüquqlarının yaradılmasında Dayanıqlı İnkişaf Məqsədlərinin rolundan danışılıb. Həmçinin qadın və qızlara qarşı bütün formalarda zorakılığın aradan qaldırılması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətindən söz açılıb.

Müzakirə olunan mövzular arasında qadınların hüquq və azadlıqlarının təmin olunmasında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinin vacibliyi, uşaqlara qarşı pis rəftar, onların istismarı və ümumiyyətlə bütün formalarda uşaq zorakılığına qarşı mübarizə üsulları da olub.

Sonra qadın məhkumlardan ibarət özfəaliyyət dərnəyinin ifasında​ konsert proqramı keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv