Qadın sahibkarlara yaşıl işıq: Kimlərə güzəştli kredit verilir? - APA TV
Bakıda Qlobal sahibkarlıq həftəsinə həsr edilən “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı V forum keçirilib.
Forumdan əvvəl qadın sahibkarların rəhbərlik etdikləri istehsal müəssisələrinin məhsullarından ibarət sərgi nümayiş olunub.
Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov bildirib ki, 2022-2026-cı illər üçün qadınların iqtisadi fəallıqlarının artırılması istiqamətində strateji çərçivə müəyyən edilib: “Hazırda, həm qlobal səviyyədə, həm də ölkəmizdə qadın sahibkarların çəkisinin artması müşahidə edilir. Qadınlar kiçik biznes yaratmağa, üzü məşğulluğa getdikcə, daha çox maraq göstərirlər. Statistikaya əsasən, fərdi sahibkarların 21%-dən çoxunu qadınlar təşkil edir və iqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə davam edir”.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova isə bildirib ki, artıq 136 qadın təsərrüfat sahibi avadanlıqlarla təchiz olunub: “2021-ci il ərzində kənd təsərrüfatının inkişafı məqsədilə aqrar sahədə çalışan 375 sahibkar qadına 4 milyon 262 min 809 manat kredit, 3 milyon 204 min 689 manat güzəşt verilib. Həmçinin, 2021-2022-ci təsərrüfat ili ərzində ümumilikdə 56 min 439 dövlət büdcəsi vəsaiti hesabına subsidiya ödənilib”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə çıxışında qadın işçilərin maaşlarına toxunub. O bildirib ki, inkişaf etmiş ölkələrlə müqayisə etdikdə Azərbaycanda qadınların kişilərdən daha az maaş aldığı məlum olur.
Deputatın sözlərinə görə, Azərbaycanda qadının aldığı əmək haqqı kişinin aldığı əmək haqqının cəmi 63%-ni təşkil edir. İnkişaf etmiş ölkələrdə isə bu göstərici 80%-dən yuxarıdır.
Tədbir Azərbaycanda qadın sahibkarlara dəstək məqsədilə görülən işləri özündə əks etdirən çarxın nümayişi ilə yekunlaşıb.