Qadın üç uşaqla küçədə gecələyir
Gecə saatlarında çəkilişdən qayıdırıq...Diqqətimizi qəribə bir mənzərə cəlb edir. Bir qadın... Dörd uşaq... Ocaq başında alova bir az yaxın dayanıblar... Görüntü çox üşüdüklərindən xəbər verir...
Xətai rayonu, Gəncə prospketində yolun kənarındadır bu mənzərə...Bir nəfər qadın dörd azyaşlı uşaqla yol kənarında zibil qutularının yanında tonqal qalayıb qızınmağa və uşaqları isitməyə çalışır.
Düşüb kim olduqları ilə maraqlanırıq...
Nimdaş əyin-başda olan bu qadının uşaqları ilə birlikdə küçədə gecələdiyi faktdır. Görünür ki, gedəcəkləri yer yoxdur. Olsa, hər halda, bu şaxtalı gecədə bu zilləti çəkməli olmazdılar.
Bir tərəfdən soyuq hava, bir tərəfdən də yanan taxtanın tüstüsündən qəribə görkəm alan uşaqların duruşu adamın fikirlərini dərbədər edir. Buna rəğmən körpələr yanan tonqalın istisində qızınmağa çalışır... Ətrafdan ürəkbulandıran qoxu yayılır. Uşaqlara da yaxınlaşanda bu antisanitar vəziyyətin onlara hansı təsir bağışladığını hiss etməmək mümkün deyil... Bütün bunlar bir yana... Bu uşaqların son isti ümid yeri olan tonqal, özləri də bilmədən onların həyatını təhlükə altına alır... Yaxından... Lap yaxından qaz borusu keçir... Hər an hər şey ola bilər... Fəlakət ocağın yanındakı qaz borusu qədər yaxınlıqdadır. Üç uşaqla çöldə gecələyən qadın Gülnisə Xəlilovadır. Deyir ki, yaşadıqları mənzil yandığından, üç aydır ki, azyaşlı övladları ilə bu vəziyyətdə yaşayır. “Üç aydır ki, bu vəziyyətdə yaşayırıq. Evimiz də yanıb. Qaçqınların məskunlaşdığı binada qalırdıq. Evimin düzəldilməsinə köməklik olunmağını istəyirəm. Yemək bişirəsi yerim yoxdur. Yanan evdə qalırıq. Qida ehtiyacımızı yoldan keçən insanların verdiyi ilə dolanırıq”. Həyat yoldaşı dünyasını dəyişib. Bu üzdən uşaqlarını təkbaşına böyütmək məcburiyyətindədir Gülnisə Xəlilova. Balaları ac qalmasın deyə, hər gecə yol kənarında dayanıb insanlardan kömək istəyir. Bununla yanaşı, anası yataq xəstəsi olan qonşu uşağını da yanında böyütməyə məhkumdur... “Biri bir yaş on bir aylıq, biri dörd, birinin də 7 yaşı var. O biri oğlan uşağı qonşunundır. Atası həbsdədir. Anası da ehtiyac içindədir. Hazırda evində xəstə yatır. Bu uşağı da anası mənimlə göndərir ki, insanlar köməklik göstərsinlər. Bu vəziyyətdə yaşamağımızla bağlı aidiyyatı qurumlara müraciət etmişik. Burda dayanırıq ki, insanlar bizə köməklik etsinlər”. Qeyd edək ki, bir müddət əvvəlki tarixə görə, sosial media platformalarında Gülnisə Xəlilova ilə bağlı məlumatlar da mövcuddur. Bəzi Kütləvi İnformasiya Vasitələrində onun 3 övladı ilə birgə dilənçiliklə məşğul olmasına dair informasiyalar yayılıb. Xəbərlərdən görünür ki, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2022-ci ildə sosial müavinət verilib. ASAN xidmət və Daxili İşlər Nazirliyinin birgə təşəbbüsü ilə Xəlilovlar ailəsi şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Daha sonra isə yataqxanada sənədləri olmadan yaşayan Gülnisə Xəlilova üçün sosial kart hazırlanaraq ona ünvanlı sosial yardım ayrılıb. Onun hər ay 390 manat məvacib alacağı qeyd edilib. Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra onlara lazım olan köməklik göstəriləcək. Bu ailənin acınacaqlı durumuna işıq salmaqla aidiyyəti qurumlardan, vətəndaş cəmiyyətindən, imkanlı və duyarlı şəxslərdən ailəyə yardım gələcəyinə ümid edirik.