Qadının cinayətə meyllənməsində şəbəkələrin rolu varmı?
Bir gündə iki qətl...
2022-ci ilin elə ilk günlərində Ağstafada qadın ərini, Astarada iki bacı birləşərək qardaşlarını baltaladılar... Əslində bu cür hadisələrin statistikasını təhlil etmək olar. Amma mövzu statistika yox, “qadınlar niyə öldürür” sualına cavab tapmaqdır. Mütəxəssislər hesab edir ki, ailədə davamli fiziki və mənəvi zorakiliqlarla üzləşən qadin əksər hallarda ya intihara əl atir, ya da ərinin həyatına qəsd edir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev APA TV-yə söylədi ki, Azərbaycanda qadının ərini öldürməsi faktlarına nadir hallarda rast gəlinir: “Daxili İşlər Nazirliyinə zorakılığa məruz qalmış kişilər tərəfindən zənglər olur. Amma bu elə bir böyük rəqəm təşkil etmir. Hansısa narkotik vasitəsinin və yaxud spirtli içkinin təsiri altında 102 zəng mərkəzinə müxtəlif məcaralı zənglər daxil olur. Tərəfimizdən dərhal müdaxilə olunur, amma məlum olur ki, həyat yoldaşının bişirdiyi xörəyi xoşlamayan kişi bəzən zorakılığa məruz qalıram deyib DİN-ə zəng edir. Sonradan məlum olur ki, təsir altında olub. Bəzən isə qadın ərinin evə gec gəlməsi ilə bağlı müraciət edir. Bu kimi şəxslər şöbəyə dəvət olunur, tənbeh olunur, profilaktik söhbət aparılır ki, ailədaxili münasibətlər yaxşılaşdırılsın”.
Şöbə rəisi bildirdi ki, DİN-in bütün respublika ərazisində, ərazi polis orqanlarında münaqişəli ailələr profilaktik uçota götürülüb. Ölkə üzrə 3000 belə ailənin olduğunu deyən, polis polkovnikinin sözlərinə görə, onlar mütəmadi nəzarətdədirlər. Elşad Hacıyev onu da söylədi ki, məişət münaqişəsi zəminində müxtəlif faktorlar var. Nəticəsi cinayətlə yekunlaşan ailə münaqişələrinin təsnifatı bunu söyləməyə imkan verir ki, belə hallar loten xarakter daşıyır, yəni gizlidir: “Bilirsiniz, müxtəlif sosial şəbəkə seqmentləri var ki, ayrı-ayrı aktiv sosial şəbəkə qrupları var ki, ailələrin dağılması istiqamətin hansısa təhrikedici funksiya rolunda çıxış edir. Ayrı-ayrı qadın şəbəkə qrupları, adına ”Xoşbəxtlik“, “Özünü xilas et” müxtəlif adlar altında belə səhifələr var. Orda hansı ki, heç vaxt ailəsi olmayan, ailə dəyərlərini bilməyən, ailə nədir, dövlət nədir, övlad nədir, bilməyən adamlar məsləhətlər verirlər. Cəmiyyətdən və sosial şəbəkələrdən daxil olan informasiyalar, televiziyalarda müxtəlif sənətlə məşğul olan şəxslərin birdən-birə imkanlarının göstərilməsi ... Biz çalışmalıyıq ki, sosial şəbəkələrdə ailə dəyərlərini bilən, sözü eşidilən adamlar üzə çıxsınlar”.
Elşad Hacıyev bildirib ki, milli-mənəvi dəyərlərin qorunması üçün təkcə dövlət qurumları yox, ümumilikdə cəmiyyət çalışmalıdır.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsləhətçisi Şəbnəm Mehdiyeva isə söylədi ki, məişət zorakılığı təkcə ölkəmizin deyil, dünyanın ən qlobal problemlərindən biridir. Təkcə 2021-ci ildə bu mövzuda Komitəyə 364 müraciət daxil olub deyən hüquqşünasın sözlərinə görə, bunlardan 41-i zorakılığa məruz qalan kişilərdir: “Bu müraciətləri sosial şəbəkələr üzərindən də göndərənlər var. Ən ağrılı məqam ondan ibarətdir ki, qadınlar fiziki zorakılığa məhz ailələrinin dağılmaması üçün dözürlər. Bu susqunluq psixoloji və fiziki zorakılıqdan qətllərin törənməsinə gətirib çıxarır. Qadını psixoloji olaraq hansı həddə çatdırıblar ki, o deyir, öldürüm, canım qurtarsın. Övladı olan qadınların bu addımı ilk düşüşüncə atacağına inanmıram, amma bəzən uşaqlarının da canını qurtarmaq üçün belə bir addım atırlar”.
İctimai fəal, yazıçı Aysel Əlizadənin sözlərinə görəsə qadın fiziki və psixoloji basqı altında qaldıqca qəddarlaşa bilər: “Küçədə söz atılan şəxs qadındır, şantaj olunan şəxs qadındır, döyülən qadındır. Azərbaycanda neçə qadın indiyədək öz həyat yoldaşını döyüb? Kişi qadının geyiminə qarışır, anasıgilə qoymur , dostları ilə haradasa oturmağa qoymur, Evdə zəncirlənən, uşaqlarının gözü qarşısında döyülən neçə qadın görürük. Təbii ki, bu bir yerdə gətirib faciəyə çıxarır. Bir bu qadın bunu sonlandırmaq qərarına gələrək bu faciəni bitirəcək. Qatilin qadını kişisi olmaz, bunun səbəbini axtarmaq lazımdır. Mənə belə gəlir ki, qanunvericilikdə cinayətkar olma həddinə çatdırma adlı da ayrıca bənd olmalıdır”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, ailədaxili münaqişələrə müxtəlif bucaqdan baxmaq olar.
Mehriban Zeynalovanın sözlərinə görə, ay ərzində sığınacağa 7-15 müraciət ünvanlanır. Onların bir qismi zorakılıqla bağlı olsa da, digərləri sosial problemlərlə bağlı olur. Bu müraciətlərin içərisində isə kişilərə də rast gəlinir.
“Zorakılıq halları ilə bağlı qanunvericiliyin təkmilləşdirlməsinə ehtiyac var”, - deyən Mehriban Zeynalovanın sözlərinə görə, bəzən bu kimi halların qarşısında polis də aciz qalır, çünki qanun ona da müdaxilə imkanı vermir. “O ki, qaldı sosial şəbəkələr bu daha təhlükəlidir. Əgər məlumatlı deyilsənsə, əgər özün emosional vəziyyətdəsənsə əgər düzgün ünvana müraciət etməmisənsə bu daha dəhşətlidir. Belə adamlar var ki, kiminsə ailəsinin dağılmasında maraqlıdır. Maraqlıdırlar belə adamlar yersiz cürətləndirməyə, bəzən onun zəifliyindən istifadə etməyə maraqlı olanlar var və yaxud boşanmaya, ərinə qarşı daha aqressiv münasibət sərgiləməyə - sövq edir. Yəni insanları düzgün yönləndirmək, qıcıqlandırmamaq, emosional hallarda onlardan istifadə etməmək lazımdır. Onda dəyərləri qorumaq da olar, zorakılığa son qoymaq da!”
Ailə dəyərdir, bu dəyərin kökündə sevgi, ehtiram, qarşılıqlı hörmət varsa, onu qorumaq şərtdir. Yox, qarşılıqlı hörmət və dəyərlər hər iki tərəfdən ayaqlar altına atılırsa, onda nə sağlam ailədən, nə də sağlam cəmiyyətdən söhbət gedə bilməz.
Sevinc Vaqifqızı,
Ceyhun Mustafayev,
APA TV