Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar şəhidləri yad olunub

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan konfrans keçirilib.

 

APA TV-nin məlumatına görə, QMİ sədri Allahşükür Paşazadə başda olmaqla din xadimləri tədbirdən əvvəl Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

 

Konfransda QMİ rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, axundlar, dini icmaların nümayəndələri iştirak edib.

 

Konfransda çıxış edən idarənin sədri Allahşükür Paşazadə bildirib ki, 20 Yanvar faciəsi hər zaman insanlığa qarşı törədilmiş ən qanlı hadisə kimi yaddaşlarda qalacaq: “20 Yanvar bir tərəfdən xalqımızın sinəsinə çəkilən müsibət olsa da, onun mübarizə ruhunun, azadlıq istəyinin əbədiliyini bir daha sübuta yetirdi. Qanlı şənbə gecəsində qurban gedən şəhidlər minlərin deyil, milyonların qəlbinə azadlıq toxumu səpdilər”.

 

Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş olunub.

 

Qeyd edək ki, konfransın sonunda Qafqaz Müsəlmanları İdarəsinin 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş bəyanatı səsləndirilib.

 

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv