Qafqazda çay üzərində salınan ən uzun aşırımlı asma körpü

Salyanda Kür çayı üzərində tikilən metal körpünün 80 ilə yaxın tarixi var. Deyilənlərə görə, Salyan şəhərinə təşrif  buyuran qonaqlar şəhər haqqında ilk təəssüratlarını körpünün gözəlliyindən, girişində quraşdırılan şir heykəlindən alırlarmış.

Uzunluğu 250 metr olan bu körpü 76 il bundan əvvəl tikilib. Körpünün tikintisində 1943-cü ildə əsir alınaraq Salyandakı hərbi düşərgədə saxlanılan alman əsirlərin əməyindən  istifadə olunub. Altı ədəd dayaqdan ibarət körpü 1946-cı ildə istifadəyə verilib.

Körpünün küləkli havada dayanıqlı olmasından ötrü onun üzərində dəmir konstruksiyalar quraşdırılıb.

“Salyan körpüsü” kimi tanınan bu tarixi tikili illər sonra fiziki aşınmaya məruz qaldığından 1992-ci ildə istifadəsi dayandırılıb. Hazırda isə ona paralel olan başqa bir körpüdən istifadə olunur.

İndi daha mürəkkəb konstruksiyalı modern bir körpü Salyanın rəmzinə çevrilib. Bu körpünü Qafqazda çay üzərində salınan ən uzun aşırımlı asma körpü hesab etmək olar.

Uzunluğu 363 metr olan körpü, yanalma yolları ilə birlikdə 1,4 kilometr, eni isə 30 metrə yaxındır. Körpüdə hər birinin eni 3,75 metr olan dörd hərəkət zolağı var. Piyadaların körpüdən rahat və təhlükəsiz şəkildə istifadəsi üçün 1,3 metr enində səkilər qurulub. Yeni körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib.

Qeyd edilir ki, körpünü mövcud parametrlərlə Qafqazda çay üzərində tikilən ilk nəhəng mühəndis qurğusu saymaq olar.

Tikintisinə 2011-ci ilin fevral ayında start verilən körpü 2018-ci ildə magistralın istifadəsindən sonra tam istismara verilib.

 Körpü 9 bal gücündə zəlzələyə davamlıdır.

Müəllif | Apa.Tv
Apa.tv