Qala kəndinin tarixi hamamları - REPORTAJ
Hələ bineyi-qədimdən yayın istisində, qışın soyuğunda insanların üz tutduğu əsas istirahət məkanlarından biri məhz hamamlar olub. Azərbaycan cəmiyyətində hamam mədəniyyətinin özünəməxsus yeri var. Hamam gigiyenik təmizlik, paklıq, eyni zamanda istirahət yeri sayılıb.
Zamanında Qala kəndində yerləşən hamamların da təyinatı çimib istirahət etmək yeri olub. Amma indi bu hamamlar yarıuçuq tarixi abidələrə çevrilib. Yeri gəlmişkən, qeyd edək ki, Qala kəndində 3 hamam olub. Bunlar “Şor hamamı”, “Bayraməli hamamı” və “Qum hamamı” adı ilə tanınıblar.
“Şor hamamı” kəndin cənub hissəsində, Duz gölünün yaxınlığında yerləşib. Ora göldən su çəkilibmiş. Bu hamamın suyu duzlu olduğundan, daha çox müalicəvi məqsəd daşıyırmış. Bu su daha çox dəri xəstəlikləri zamanı istifadə olunardı. Hamam dağılsa da, özülü bu günə qədər qalıb.
Bu hamamlardan yalnız biri bu günə qədər fəaliyyət göstərir. Həmin hamam çox vaxt “Cümə hamamı”, yaxud da “Bayraməli hamamı” adlanıb. Bu gün də fəaliyyətini davam etdirən hamam 1881-ci ildə Bayraməli adlı şəxs tərəfindən təmir edildikdən sonra elə Bayraməlinin adı ilə adlanmağa başlayıb.
Qaladakı hamamlardan üçüncüsü isə “Qum hamamı”dır ki, onun da tarixi digərlərinə nisbətən daha qədimə gedib çıxır. Təsadüfən bərpaçılar tərəfindən tapılan hamam uzun əsrlər tamamilə zibil və torpaq altında qalıb. Ərazidə aparılan tədqiqatlar nəticəsində “Qum hamamı”nın XII-XIV əsr memarlıq quruluşuna malik olduğu üzə çıxıb. Hamam qışda isti, yayda sərin olması üçün Bakı-Abşeron hamamlarına xarakterik şəkildə – yerin altında tikilib. Elə buna görədir ki, hamam “Qum hamamı” adlandırılıb.
Tarix elmləri doktoru Vəfa Quliyeva deyir ki, “Qum hamamı”na gələn orta əsr insanının istirahətini təmin etmək üçün hamamda hər cür şərait yaradılıb. Burada hamamın giriş hissəsində bir sıra xırda dolablar mövcuddur ki, bu dolablardan hamama gələn insanlar müxtəlif əşyalarını saxlamaq üçün istifadə edib: “Hamamlar adətən varlı qadınların gəldiyi məkanlar olub. Onlar hamama gedərkən bəzək əşyalarını, qızıllarını taxıb gedirdilər. Bu zaman onların xüsusi mücrüləri olub ki, öz zinət əşyalarını həmin mücrülərə qoyub, ağzını qıfıllayıblar. Əslində bir növ öz zinət əşyalarını nümayiş etdirmək məqsədi güdüblər. Bundan başqa, “Hamam sandığı” adlanan xüsusi qablarda qadınlar xına, basma, kosmetik vasitələr gətirirdilər. Bir sözlə, hamam yalnız çimmək üçün deyil, həm də istirahət üçün bir yer olub”.
“Qum hamamı”nda iyirmiyədək otaq mövcud olub. Hamamın arxasında xüsusi qazanxanası fəaliyyət göstərib. Divarların içindən və döşəmənin altı ilə saxsı (keramik) borular vasitəsilə hamamı qızdırarlarmış. Qaynar sudan qorunmaq üçün xüsusi ayaqqabı - başmaq geyinərlərmiş. Burada namaz qılmaq üçün də xüsusi otaq nəzərdə tutulub.
“Bura hamamın çimmək üçün istifadə olunan otaqlarıdır. Burada bir neçə otaq var ki, bunlardan da biri qazanxanadır. Burada olan ocaq izləri belə deməyə əsas verir. İsti su burada isidildikdən sonra digər otaqlara paylanılıb. Vaxtilə hamamın üzəri günbəz şəkilli olsa da, hazırda günbəz uçub dağılıb. Tədqiqatçılar deyir ki, adətən, hamamların tavanı günbəz şəkilli olub. Bu da istiliyin buxarlanmadan otaqda qalmasına hesablanıb.
Türk səyyahı Cəlal Əsəd XIX əsrdə qeyd edirdi: “Hamamlar müsəlmanlar üçün məscidlər kimi vacib yerlərdir”. Bir zamanlar olduqca vacib olan bu məkanlar indi lazımsız və baxımsız yerə çevrilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Vəfa Quliyeva deyir ki, dağılmış hamamların bərpa edilməsi zəruri olsa da, Qoruq İdarəsinin bunun üçün lazımi vəsaiti yoxdur: “Qum hamamı” XII-XIV əsrlərin abidəsidir. Hamamın ciddi konservasiyaya ehtiyacı var. Amma bunun üçün vəsait olmadığından, burada bərpa işləri olduqca ləng gedir”.
Qeyd edək ki, ərazidə çəkiliş apardığımız müddətdə bir sıra tarixi abidələrin üzərində abidənin nə adına, nə də hansı əsrə aid olması ilə bağlı hər hansı bir məlumat lövhəsinə rast gəldik. Qoruq İdarəsinin əməkdaşı deyir ki, vaxtilə burda abidələrin pasportlaşma işləri aparılarkən məlumat lövhələri olub. Həmin lövhələrin hansı səbəbdən götürüldüyü isə bəlli deyil. Lakin məlumat lövhələrinin yenidən abidələrin üzərinə qoyulması ilə bağlı Qoruq rəhbərliyinə müraciət ediləcək.
Hər halda, zaman-zaman tarixin küləyindən, boranından, yağışından, qarından çıxıb günümüzə gəlib çatmış abidələrimizi qorumaq hər bir vətəndaşın boynunun borcudur. Əks halda, bu dağılmış abidələrlə birgə tariximizi də itirə bilərik.
İlahə Vəliyeva
Əli Ələkbər
APA TV