Qala-Pirallahı avtomobil yolunda yeni piyada keçidi istifadəyə verildi

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək üçün daha bir yolda, Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi inşa edilib. ​

Avtomobil Yolları Dövlət Agentliyindən APA TV-yə verilən xəbərə görə, sözügedən ərazidə, yolun hər iki  tərəfində yaşayış massivi və orta məktəb mövcuddur. Buna görə keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edəcək.

Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 2.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. 

AAYDA-nın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Nəcəfli deyir ki, konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb: “Qeyd edim ki, 2020-ci il ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 9  piyada keçidi tikilərək istifadəyə verilib. Cari ildə də bir-neçə ərazidə yeni piyada keçidi tikilərək istifadəyə veriləcək. Onlardan biri Ziya Bünyadov prospektində hazırda inşa olunur və tikintisi yekunlaşmaq üzrədir. Bundan başqa, daha 2 ərazidə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Atyalı qəsəbəsi ərazisindən keçən hissəsində və Heydər Əliyev prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində inşasına başlanılması planlaşdırılır”.

Yeni piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və Dövlət Standartlarına uyğun olaraq inşa edilib.

Müəllif | Apa.Tv
Apa.tv