Qalib gələn qazilər mükafatlandırıldı - APA TV

Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Nabranda dincələn Vətən müharibəsi qaziləri arasında keçirilmiş idman yarışlarının qalibləri mükafatlandırılıb.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən 6 günlük istirahət proqramında 44 nəfər Vətən müharibəsi qazisi iştirak edir. Qazilərin günlük istirahətlərinin səmərəli keçirmələri məqsədilə çimərlik futbolu, voleybol, stolüstü tennis, şahmat və dama oyunları üzrə turnirlər təşkil edilib və qaliblər müəyyənləşib.

 

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğundan, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən, qazanılan tarixi Zəfərdən danışıb.

 

Vətən müharibəsi dövründə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının fəaliyyətinə toxunan Mehman İsmayılov FHN-in strukturlarının Ali Baş Komandanın əmrini şərəflə icra etməklə Qələbənin qazanılmasına öz töhfələrini verdiklərini diqqətə çatdırıb.

 

Çıxışlardan sonra Vətən müharibəsi qaziləri arasında keçirilən yarışların qaliblərinə medallar və FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

 

İstirahət proqramında iştirak edən qazilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Müəllif | Apa.Tv
Apa.tv