Qalib kim olacaq: Ukrayna, yoxsa Rusiya? - Gürcü siyasilərin proqnozları
Ukraynada müharibə artıq 1 ildən çoxdur ki, davam edir. Hərbi əməliyyatların təsirləri münaqişə bölgəsindən minlərlə kilometr uzaqda yerləşən regionlarda da təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Gürcüstan müharibənin dolayı təsirlərinə ən çox məruz qalan ölkələrdən biridir. Müharibə başlayandan on minlərlə Rusiya, Ukrayna və Belarus vətəndaşı Gürcüstana miqrasiya edib. Odur ki, ötən ilin fevralından bəri Tbilisi müharibəyə və onun nəticələrinə dair müxtəlif seminarlara və konfranslara ev sahibliyi edir. Gürcüstanlı ekspertlər hesab edirlər ki, bu müharibə Rusiyanın Cənubi Qafqaz regionunda da mövqeyininin zəifləməsi ilə nəəticələnəcək.
Bəzi gürcü ekspertlərin fikrincə, bu müharibədə Ukraynanın qələbə qazanması Gürcüstanın demokratik inkişafını sürətləndirə, ölkədə təhlükəsizliyi və sabitliyi gücləndirə bilər.
Bütün bunlarla yanaşı, müharibədən sonra rəsmi Tbilisi ilə Kiyev arasında münasibətlərdə soyuqluq müşahidə edilir və tərəflər bir-birilərinə qarşı müxtəlif ittihamlar irəli sürürlər. Tbilisi Ukraynanı sabiq Prezident Mixeil Saakaşvilini Gürcüstana göndərərək burada Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətində olduğunu bildirir. Ukrayna rəsmiləri isə Gürcüstanı Rusiyaya tətbiq edilən beynəlxalq sanksiyaları pozmaqda, eləcə də bəyan etdiyi Avro-Atlantik inteqrasiya istəklərinə uyğun davranmamaqda ittiham edir. Ukrayna ötən ilin martından Gürcüstandakı səfirini geri çağırıb.