Qanunsuz yollarla Gədəbəyə gedən vətəndaşlar cərimələnib
Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları ölkədə elan olunmuş xüsusi karantin rejiminə nəzarət olunması məqsədilə reyd keçirib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qeyri-qanuni yollarla istirahətə gələn xeyli sayda şəxslər aşkarlanıb.
Vətəndaşlar məsuliyyətdən yaxa qurtarmaq üçün uzun müddət burada yaşadıqlarını bildirsələr də, texniki vasitələrin köməyi ilə onlara məxsus avtomobillərin rayon ərazisinə giriş-çıxış vaxtı müəyyən edilib və onların sərtləşdirilmiş karantin günlərində gəldikləri məlum olub.
Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilən xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.
Bundan başqa, polis əməkdaşları bəzi iaşə obyektlərinin karantin rejiminin tələblərini açıq-aşkar pozduqlarını, müştərilər arasında sosial məsafənin gözlənilmədiyini və həmçinin xidmət personalının əksəriyyətinin tibbi maska və əlcəkdən istifadə etmədiyini də müəyyən ediblər və həmin şəxslər barəsində də qanuna müvafiq tədbir görülüb.
Fuad Nazimoğlu
Mehdi Məmmədov