Qar, buz və çovğun səbəbindən Bakı-Şamaxı yolu bağlandı – MAŞINLAR YOLDA QALDI
Ötən gecədən başlayaraq yağan güclü qar səbəbindən Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hazırda Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən çovğun və buzlaşma nəticəsində çoxlu sayda avtomobil yolda qalıb.
Ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşları qəzaların baş verməməsi üçün Qobustanın Nərimankənd kəndi və Şamaxı şəhəri ərazisindən keçən hissində post quraraq yolu bağlayıb, nəqliyyat vasitələrinin hərəkətini dayandırıblar.
Əraziyə yol istismar idarəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib, yola duz və qum səpilir.
Bundan əlavə, İsmayıllı, Ağsu və Şamaxının dağlıq ərazisinə yağan qar səbəbindən Ağsu aşırımında, Muğanlı-İsmayıllı dolaylarında, Lahıc-Dəmirçi yolunda avtomobillərin hərəkəti çətinləşib. Hazırda çox az sayda minik avtomobili bu yollarda hərəkət edə bilir. Bir neçə avtomobil sürüşərək yoldan kənara çıxıb. Hazırda yolların buzdan təmizlənməsi və nəqliyyat vasitələrinin intensiv hərəkəti üçün işlər görülür, yollara qum və duz səpilir.
Göygöl rayonuna yağan qar da fəsadlar törədib.
Ötən gecədən yağmağa başlayan qarın hündürlüyü rayon mərkəzində 10, dağlıq ərazilərdə 20 sm-ə çatıb. Yolları buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib.
Qar səbəbindən rayonun Aşıqlı və Köşkü kəndlərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda qarın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Şahnəzər Bəşirov,
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV