Qar qatı məktəb binasının dam örtüyünü uçurdu

Lerikdə qalın qar qatı məktəb binasının dam örtüyü uçurub.

APA TV-nin yerli bürosu xəbər verir ki, martın 14-dən yağan qar rayonda fəsadlarsız ötüşməyib. Qarın qalınlığı bəzi ərazilərdə 1-1.5 metr, Lerik şəhərinin özündə isə 80 santimetr - 1 metr arasında müşahidə edilib. Qarın çox yağması nəticəsində şəhid Telman Kazımov adına Veri kənd tam orta məktəbinin dam örtüyü tamamilə sıradan çıxıb. Təbii fəlakət nəticəsində baş vermiş problemlə bağlı məktəbin 2-ci mərtəbəsinə giriş qadağandır, amma tədris davam edir.  

Təbii fəlakətin fəsadlarına məruz qalmış Veri və Durğan kənd məktəblərinin hər ikisi Təhsil Nazirliyinin, Lerik Rayon Təhsil Şöbəsinin balansındadır. Çəkiliş apardığımız şəhid Telman Kazımov adına Veri kənd tam orta məktəbinin ikinci mərtəbəsinin belə bir vəziyyətə düşməsi ilə əlaqədar hazırda ikinövbəli tədris həyata keçirilir.

Qeyd edək ki, 180 yerlik məktəb binası 11 il əvvəl tikilib istifadəyə verilib. Hazırda 82 şagirdin təhsil aldığı təhsil ocağının 11 tədris otağı, 2 laboratoriyası, akt zalı, idman zalı, yeməkxanası var. Təlim-tərbiyə ilə psixoloq, uşaq birliyi rəhbəri və 18 müəllim məşğul olur.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lerik

 

 

Müəllif | Apa.Tv
Apa.tv