Qarabağ bölgəsində seçkiləri yerli və xarici müşahidəçilər izləyir

Ağdam rayonunda da Milli Məclisə seçkilərə start verilib. 119 saylı Ağdam kənd Dairə Seçki Komissiyasının tərkibində 39 açıq, 3 qapalı seçki məntəqəsi fəaliyyət göstərir.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, dairə üzrə ümumilikdə 42 447 nəfər millət vəkilini seçmək üçün gün ərzində səsvermə hüququndan istifadə edəcək. Prosesi 600 nəfərdən çox müşahidəçi izləyir.

 

119 saylı Ağdam kənd Dairə Seçki Komissiyasının tərkibində olan 1 saylı seçki məntəqəsində isə 1448 seçici səs verəcək. Məntəqənin çıxışında isə “exit-poll” keçirilir. 1 yer uğrunda 8 nəfər mübarizə aparır.

 

Dairə Seçki Komissiyası üzrə 3 qapalı məntəqədə ön xətdə xidmət edən hərbçilər səs verəcəklər. 2 məntəqədə isə veb-kameralar vasitəsilə seçkilərin gedişatını izləmək mümkündür.

 

118 saylı Ağdam şəhər Dairə Seçki Komissiyasında isə 40400 məcburi köçkün gün ərzində öz səsvermə hüququndan istifadə edəcək. Bu dairəyə məxsus olan 46 məntəqənin 23-ü paytaxtın müxtəlif rayonlarında, 2-si Abşeronda, 21-i isə Bərdə rayonunun müxtəlif ərazilərində yerləşir. Parlamentdə bir yer uğrunda 8 namizəd mübarizə aparır, 670 nəfər isə prosesi izləyir.

 

DSK sədri Ramiz Səfərovun dediyinə görə, ATƏT və beynəlxalq müşahidəçilər seçkinin gedişini izləyirlər: “Bərdədə 20, 4, 5, 7 saylı məntəqələrdə müşahidə aparırlar. Həmçinin Bakı şəhərində 22, 23, 24, 28 və 45 saylı məntəqələrdə seçki prosesini izləyirlər”.

 

Laçın rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu üçün 121 saylı Laçın Dairə Seçki Komissiyasını əhatə edən məntəqələr respublikanın 58 şəhər və rayonunda, o cümlədən laçınlı məcburi köçkünlərin daha çox məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşir.

 

Dairənin tərkibinə daxil olan 102 seçki məntəqəsi üzrə 47 827 seçici qeydə alınıb. Onlardan 1780 nəfəri ilk dəfə səs verəcək gənclərdir. Seçicilərin 1790 nəfəri 80-100 yaş arasında, 8 seçicinin yaşı isə 100-dən yuxarıdır.

 

Seçki prosesinə 82 saylı Ağcabədi Seçki Dairəsinin 46 seçki məntəqəsində də start verilib. Dairə üzrə 9 namizəd mübarizə aparır. Səsvermə prosesini izləmək üçün 7 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

 

Dairə üzrə seçicilərin ümumi sayı 47 504  nəfərdir. Seçkiləri 724 müşahidəçi izləyir ki, onların içində ATƏT-in İrlandiya və Almaniyandan olan nümayəndələri də var.

 

93 saylı Bərdə şəhər Seçki Dairəsi üzrə 44 244 seçici öz namizədini seçəcək. 792 müşahidəçi səsvermə prosesini izləyir. 

 

94 saylı Bərdə kənd Seçki Dairəsində isə yüksək seçici fəallığı müşahidə edilir. Dairə üzrə səsvermə 54 seçki məntəqəsində təşkil edilib. 6, 11, 22, 27, 45 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Səsvermənin gedişini 745 nəfər müşahidəçi izləyir. Onlardan 4-ü ATƏT-i təmsil edən müşahidəçilərdir.

 

Müəllif | Apa.Tv
Apa.tv