“Qarabağ” “Hekken”ə diz çökdürdü – APA TV
UEFA Avropa Liqasında qrup mərhələsinin VI turun oyunları keçirilib. H qurupunda mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” Tofiq Bəhramov adına stadionda İsveçin “Hekken” komandası ilə qarşılaşıb. Görüşdə hesab erkən qolla açılıb. Ağdam klubunun heyətində Leandro Andrade birinci dəqiqədə komandasını önə keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş dördüncü dəqiqədə isə Yassin Benzia baxımlı zərbə ilə adını tabloya yazdırıb.
İkinci hissədə “Qarabağ” meydanda azlıqda qalıb. Sağ cinah müdafiəçisi Marko Veşoviç birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 90+4-cü dəqiqədə Bədavi Hüseynovun avtoqolu ilə hesab arasındakı fərqi azaltsa da, matç 2-1 təmsilçimizin xeyrinə başa çatıb. Bununlada ağdamlılar Azərbaycan futbolunda yeni tarix yazıb. Xallarını 10-a çatdıran komanda ilk dəfə Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.
H qrupunun digər oyununda “Bayer” Almaniyada Norveç “Molde”sini darmadağın edib - 5:1.