Qarabağ müharibəsində hospital kimi fəaliyyət göstərən tibb ocağı təmir olunub
Birinci Qarabağ müharibəsi zamanı hospital kimi fəaliyyət göstərən Ağdamın Xındırıstan kənd sahə xəstəxanası əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, uzun illər qəzalı vəziyyətdə olan kənd xəstəxanası genişləndirilərək 27 palatada 50 çarpayı quraşdırılıb:
- “Bu xəstəxana ilk dəfə açılanda, 1990-cı ildə mən burda işə başlamışam. Buranın çox çətin günləri olub. 1993-cü ildə bura hospital kimi fəaliyyət göstərdi. 1993-cü ildə bu günə kimi biz çox çətin şəraitdə işləmişik.
Xındırıstan kənd sahə xəstəxanasının baş həkimi İfadə Mehdiyeva deyir ki, tibb ocağı Köçkünlərin Sosial İnkişaf Fondu tərəfində 3 il ərzində əsaslı təmirə götürülüb: “3 il ərzində kənd sakinlərimiz, həkimlərimiz böyük çətinliklər yaşadıq. Qəzalı vəziyyətdə idi xəstəxanamız. Şükürlər olsun ki, artıq xəstəxanamız əsaslı təmir olunub.
Hazırda xəstəxanada 60 nəfər işçi, 5 ixtisaslı həkim çalışır. Burada fizioterapevt, endekrinoloq, pediatr, laboratoriya, stomatoloq şöbələri fəaliyyət göstərir.
Ümumilikdə 5700 nəfər əhalisi olan kənd sakinləri artıq ətraf rayonlara deyil, bu səhiyyə ocağında dərdlərinə dərman tapacaq. Eyni zamanda, rayonun cəbhə xəttinə yaxın yaşayış məntəqələrində yaşayan yerli sakinlər və məcburi köçkün ailələri də bu səhiyyə ocağının xidmətindən yararlana biləcək.